Azərbaycan Respublikasının “Təhsil haqqında” 19 iyun 2009-cu il tarixli  833-IIIQ №-li Qanununun 1.0.24-cü maddəsinə əsasən, innovasiya - müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər deməkdir. Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli 905-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsinin 13.2.77-ci maddəsinə əsasən, innovasiya fəaliyyəti dedikdə, iqtisadi və ya sosial səmərə əldə etmək məqsədi ilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyət başa düşülür.

Oslo təlimatlarında (1992-ci ildən başlayaraq 4 nəşri olmuşdur, sonuncu nəşr 2018-ci ilə aiddir) innovasiyaya verilmiş bütün anlayışlar onun bazarla əlaqəsini tələb edir. Texnoloji yeniliklər yeni məhsul və prosesləri, məhsul və proseslərdə əhəmiyyətli dəyişiklikləri əhatə edir. Əgər yenilik bazara çıxarılıbsa (məhsul innovasiyası) və ya istehsal prosesi (proses innovasiyası) daxilində istifadə olunubsa, həyata keçirilmiş hesab olunur. Buna görə də innovasiyalar elmi, texnoloji, təşkilati, maliyyə və kommersiya fəaliyyətini əhatə edir. Məhsul innovasiyası iki formada ola bilər:

1) əhəmiyyətli dərəcədə yeni məhsullar (bu, əsas məhsul innovasiyası adlandırılır);

2) mövcud məhsullarda performans təkmilləşdirmələri (bu, artan məhsul innovasiyası adlandırılır).

Proses innovasiyası isə yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş istehsal üsullarının öyrənilib tətbiq edilməsidir. Bu üsullar avadanlıqlar və ya istehsal prosesində, yaxud hər ikisində dəyişiklikləri əhatə edə bilər. Məsələnin mahiyyətində təkmilləşdirilmiş məhsulların istehsalı və ya mövcud məhsulların istehsal səmərəliliyinin artırılması dayanır.

Əvvəlki nəşrlə müqayisədə Oslo təlimatının dördüncü - 2018-ci il nəşrində (40 ölkə və beynəlxalq təşkilatı təmsil edən 120-dən çox ekspertin kollektiv işinin nəticəsidir) dörd növ innovasiyanın (məhsul, proses, təşkilati və marketinq) yerinə iki növ innovasiya (məhsul innovasiyaları və biznes prosesi innovasiyaları) təqdim olunmuş və müəssisənin innovasiyaya nail olmaq üçün həyata keçirə biləcəyi səkkiz geniş fəaliyyət növlərinə aşağıdakılar aid edilmişdir:

Tədqiqat və təcrübi inkişaf (T&İ) fəaliyyəti;

Mühəndislik, dizayn və digər yaradıcılıq fəaliyyəti;

Marketinq və marka dəyəri fəaliyyəti;

Əqli mülkiyyətlə bağlı fəaliyyət;

İşçilərin təlim fəaliyyəti;

Proqram təminatının hazırlanması və databaza fəaliyyəti;

Maddi aktivlərin əldə edilməsi və ya lizinqi ilə bağlı fəaliyyət;

İnnovasiyaların idarə edilməsi fəaliyyəti.