"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına müvafiq olaraq Azərbaycan Respublikası vergilər nazirinin Vergi sisteminin inkişafı üzrə Strateji Plan və Strategiyanın təsdiq edilməsi haqqında 27 fevral 2013-cü il tarixli 1317040100175800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi sisteminin inkişafı üzrə Strateji Plan” təsdiq olunmuşdur. Tədris Mərkəzi həmin plana əsasən vergi sisteminin inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasında icraçılardan biri kimi təyin olunmuşdur.
Müasir dövrdə iqtisadiyyatın qloballaşması ölkələr arasında inteqrasiya əlaqələrinin güclənməsi dövlət tərəfindən həyata keçirilən vergi siyasəti qarşısında yeni və həlli vacib olan problemləri qarşıya çıxarır. Bu problemlərin içərisində vergi siyasətinin iqtisadi inkişafa təsiri və onun stimullaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Vergi siyasəti bir tərəfdən əhalinin həyat səviyyəsinin yüksəlməsində, digər tərəfdən isə büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynayır.
Praktiki təcrübə göstərir ki, elmi cəhətdən əsaslandırılmış vergi siyasəti daha uğurlu nəticələrə gətirib çıxarır. Bu baxımdan, dünya iqtisadiyyatında baş verən proseslərin təhlili və passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçidin təmin olunması kimi məsələlər “Müasir qloballaşma şəraitində vergi siyasətinin imperativləri”, “Vergitutma bazasının eroziyası və gəlirlərin köçürülməsi”, “Kiçik və orta sahibkarlığın vergiyə cəlb edilməsinin müasir problemləri”, “Bilik əsaslı kapital və onun vergiyə cəlb edilməsinin müasir problemləri” , "Vergi siyasətinin sosial-iqtisadi bərabərsizliyə təsiri” və digər belə mövzular üzrə elmi araşdırmaların aparılmasını zəruri edir.
2013-cü ildə “Vergi sisteminin inkişafı üzrə Strateji Plan”ında nəzərdə tutulan “Vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işinin səmərəliliyinin artırılması” (Planın 21.3-cü bəndi) tapşırığının icrası məqsədilə Tədris Mərkəzində qeyd olunan istiqamətlərdə, o cümlədən “Vergilərin gəlirlərin bərabərsizliyinin azaldılmasında rolu” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir. Bu istiqamətdə aşağıdakı işlər görülmüşdür:
- “Vergilərin gəlirlərin bərabərsizliyinin azaldılmasına təsiri” mövzusunda elmi-tədqiqat işinin ədəbiyyat, nəzəri-metodoloji, normativ-hüquqi və praktiki informasiya bazası formalaşdırılmış, gəlirlərin bərabərsizliyi probleminin rifah nəzəriyyəsində yeri müəyyən edilmiş və problemin nəzəri əsaslarının ümumidən xüsusiyə istiqamətində tədqiqi aparılmışdır;
- Gəlirlərin bərabərsizliyi probleminin nəzəri-konseptual əsasları müəyyən edilmiş, problemə doğurduğu sosial-iqtisadi nəticələr prizmasından yanaşmaqla səbəb-şərait-nəticə kontekstində araşdırmalar aparılmışdır;
- Əhalinin gəlirlərə görə bərabərsizliyinin səviyyəsi təhlil edilərək qiymətləndirilmişdir;
- Vergilərin gəlirlərin artımına və gəlirlərin təkrar bölgüsünə təsiri istiqamətində əməli təkliflər hazırlanmışdır;
- Əhalinin gəlirlərinin artırılması və bərabərsizliyin daha da azaldılması üçün sosial və investisiya xarakterli vergi güzəştlərinin tətbiqi üzrə təkliflər verilmişdir;
- Vergi güzəştlərinin nəticəliliyinin və səmərəliliyinin müəyyən edilməsi üçün meyarlar dəsti təklif olunmuşdur;
- Həmin meyarların qiymətləndirilməsi üçün müvafiq monitorinqlərin keçirilməsi ilə bağlı ideyalar irəli sürülmüşdür;
- Əhalinin vergi mədəniyyətinin və vergidən yayınma hallarının daha da azaldılması tədbirlərinin gəlirlərin bərabərsizliyinə təsiri araşdırılmış, bu istiqamətdə təkliflər verilmişdir;
- Gəlirlərin bərabərsizliyinin azaldılmasına yönəlmiş vergi siyasətindən istifadə məsələlərində xarici ölkələrin təcrübələri öyrənilmiş və ümumiləşdirilmişdir;
- Sosial vergi güzəştlərinin ünvanlılığının təmin edilməsi üçün ümumi bəyannamə sisteminə keçidə dair araşdırmalar aparılmışdır.
Mərkəzdə elmi-tədqiqat işlərinin aparılması ilə yanaşı, “Beynəlxalq vergi-maliyyə terminləri” üzrə lüğət hazırlanmış, 500 terminin ingilis və rus dilində tərcüməsi verilmiş, həmin terminlərin iqtisadi məzmunu müəyyən edilmişdir.
“Vergi və investisiya mühiti” adlı 376 səhifəlik kitab, “İqtisadiyyatın vergi tənzimlənməsi mexanizminin stimullaşdırıcı rolunun artırılması istiqamətləri” adlı 392 səhifəlik monoqrafiya və ilkin hazırlıq dinləyiciləri üçün “Vergiyə giriş” adlı 651 səhifəlik dərslik nəşr olunmuşdur.
2013-cü ildə Mərkəzin əməkdaşlarının respublikanın müxtəlif elmi jurnallarında, xüsusilə “Azərbaycanın vergi jurnalı”nda, o cümlədən nüfuzlu xarici jurnallarda vergitutmanın müxtəlif mövzularına həsr olunmuş 20 elmi məqaləsi nəşr olunmuşdur. Mərkəzin əməkdaşları ölkəmizdə və xarici ölkələrdə keçirilən vergitutma ilə bağlı elmi-praktiki konfranslarda da fəal iştirak etmişlər.
Mərkəzin kitabxanasının daha da zənginləşdirilməsi üçün müasir iqtisadi ədəbiyyatın, o cümlədən iqtisad elminin klassiklərinin və müasir alimlərin müəllifliyi ilə nəşr olunan ədəbiyyatların siyahısı yenidən tərtib olunaraq alınması üçün Mərkəzin rəhbərliyinə təqdim olunmuş, sözügedən ədəbiyyatın bir qismi alınaraq dinləyicilərin və mərkəzin əməkdaşlarının istifadəsinə verilmişdir. “İlkin hazırlıq” kursları üzrə referat işlərinin elektron arxiv bazası yaradılmışdır.