XƏBƏRLƏR

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinin və Tədris Mərkəzinin əməkdaşları cari ilin 12-14 noyabr tarixlərində İtaliya Gəlirlər Agentliyi tərəfindən təşkil edilmiş təcrübə mübadiləsi səfərində iştirak etmişdir. 3 gün ərzində əməkdaşlarımız İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən Agentliyin məsul əməkdaşları ilə səmərəli və məsuldar görüşlər keçirmişdir. Səfərin əsas məqsədi İtaliya Gəlirlər Agentliyinin təlim, inkişaf, tədqiqat və xidməti fəaliyyətin qiymətləndirilməsi sahəsində mövcud təcrübəsi ilə tanış olmaqdan ibarət olmuşdur. Səfər zamanı vergi orqanlarında aparılan kadr siyasəti və kadr potensialının artırılması istiqamətində görülən işlər, təlim və inkişaf məsələlərinin təşkili, Tədris Mərkəzinin elmi tədqiqat və əməkdaşlıq fəaliyyəti, müasir tələblər nəzərə alınmaqla elmi potensialın artırılması istiqamətində görülən tədbirlərlə bağlı məlumat verilib.

Səfərin birinci günü Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev Azərbaycan Respublikasının Vergilər Nazirliyi və nazirlikdə təlim və inkişaf məsələləri ilə bağlı təqdimatla çıxış etmiş, Mərkəzin rəis müavini Mirəli Kazımov isə Mərkəzin elmi-tədqiqat fəaliyyəti haqqında geniş məlumat vermişdir. Yuxarıda göstərilən məsələlər üzrə Azərbaycan təcrübəsi İtaliyalı həmkarlarımız tərəfindən maraqla qarşılanmış, qarşıya çıxan suallar nümayəndə heyəti tərəfindən geniş cavablandırılmışdır.

Daha sonra görüşdə İtaliya Gəlirlər Agentliyi tərəfindən İnsan resursları departamentinin direktoru cənab Aldo Polito, Təlim və e-təlim bölməsinin rəhbəri cənab Salvatore Lazzara, İşəqəbul və seçim bölməsinin rəhbəri cənab Antonio Kampanella, HRM-də təcrübə mübadiləsi və bençmarkinq üzrə Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri xanım Çinzia Kastelli, Əlaqələndirmə ofisinin məsul əməkdaşı xanım Alessando Gambadoro və digər əməkdaşlar öz dəyərli təcrübələri və faydalı məlumatlarla bölüşmüşlər.

Qeyd olunan görüşdə iştirak etməklə İtaliya Gəlirlər Agentliyində insan resursları və təlim sahəsində baş verən yeni tendensiyalar, məlumatlar, materiallar və yeniliklər əldə edilmişdir. Habelə, İtaliya və Azərbaycan Vergilər Nazirliyinin insan resursları və təlim sahələrində əməkdaşlıq əlaqələri genişləndirilmişdir. İki ölkə arasında təcrübə mübadiləsi perspektivlərinə baxılaraq gələcəkdə iki ölkənin analoji qurumları arasında təlimçi və dinləyici mübadiləsi haqda müzakirələr aparılmşdır. Eləcədə, Tədris Mərkəzində yeni yaradılan Keyfiyyət təminatı bölməsinin İtaliya Gəlirlər Agentliyində analoji iş prinsiplərinin müqayisəsi aparılaraq faydalı təcrübədən gələcəkdə Mərkəzin fəaliyyətində istifadə etmək imkanları yaranmışdır.

Səfər çərçivəsində insan resursları və təlimlərin təşkili sahəsində iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri də müzakirə olunub.

Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinin rəis müavini Kamran Məmişov, Tədris Mərkəzi rəisinin birinci müavini Ceyhun Mehdiyev, Mərkəzin rəis müavini Mirəli Kazımov və Keyfiyyət təminatı bölməsinin rəisi Jalə Əliyeva təmsil ediblər.