Vergilər Nazirliyinin Tədris Mərkəzinin “2019-cu ildə Vergilər Nazirliyinin Tədris Mərkəzinin tədris və elmi-tədqiqat sahələrində Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Tədris Mərkəzində 14-15 və 17-18 oktyabr 2019-cu il tarixlərdə “Cinayət və cinayət-prosessual qanunvericilik. Mülki-prosessual qanunvericilik” mövzusunda 2 günlük təlimlər keçirilmişdir. Təlimə təlimçi qismində Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin rəisi, hüquq elmləri doktoru Nazim Əliyev və Hüquq baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin İddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünasları Leyla Hüsyn-zadə və Gülnar Namazova cəlb edilib.
Təlimin ilk günlərində bölmə rəisi Nazim Əliyev məruzəsində cinayət məsuliyyətinin əsası və ümumi şərtləri, cinayətlərin təsnifatı, məcmusu, təkrarlığı, cinayət məsuliyyətindən azad etmə, hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər barədə məlumat verib, iqtisadi sahədə törədilən bəzi cinayətlərin, o cümlədən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma və aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı və sair cinayətlərin tövsifi məsələləri müzakirə edilib.
Təlimdə “Mülki-prosessual qanunvericilik” mövzusu üzrə təlimçi qismində cəlb edilmiş Hüseyn-zadə Leyla Ramiz qızı vergi orqanlarının məhkəmələrdə iddiaçı və ərizəçi qismində iştirakının xüsusiyyətləri barədə, iddiaçı və ərizəçi qismində iştirak edilən işlərə dair Nazirliyin normativ sənədləri barədə təlim iştirakçılarını məlumatlandırıb. O, həmçinin, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 9 iyul 2019-cu il tarixli Qanununu dinləyicilərin nəzərinə çatdırıb.
Təlimə təlimçi qismimdə cəlb edilmiş Namazova Gülnar Arif qızı “Cinayət və cinayət-prosessual qanunvericilik” mövzusu ətrafında çıxış edərək, vergi orqanlarının cinayət təqibində mülki iddiaçı və zərərçəkmiş şəxs qismində iştirakının xüsusiyyətləri, mülki iddiaçı və zərərçəkmiş şəxs qismində iştirak edilən işlərə dair Nazirliyin göstəriş məktubları ilə əhatə olunan məsələlər barədə dinləyicilərə məlumat verilb.
Təlimin sonunda təcrübədə mövcud olan problemlər araşdırılıb, onların həllinə dair dinləyicilərlə müvafiq müzakirələr aparılıb.