XÜLASƏ
Məqalədə dövlətin inzibatçılıq səylərinin vergi potensialına təsirinin Mamdani və Sugeno tipli qeyri-səlis nəticəçıxarma üsulları ilə qiymətləndirilməsi tədqiq edilmişdir. Bunun üçün tədqiq olunan modelin giriş verilənləri ekspert biliyi əsasında müxtəlif mənsubiyyət funksiyalar vasitəsilə fazziləşdirilmiş və təyin olunmuş qaydalar əsasında çıxış funksiyası qiymətləndirilmişdir. Çıxış funksiyası hesablanması üçün modelə uyğun parametrlər seçilmişdir. Mamdani tipli qeyri-səlis nəticəçıxarma üsulu Sugeno tipli qeyri-səlis nəticəçıxarma üsulu ilə əldə edilmiş nəticələr ilə qiymətləndirilmiş nəticələrlə müqayisə edilmişdir.
Mamdani və Sugeno üsulları arasında əsas fərq Sugeno çıxış mənsubiyyət funksiyasının xətti və ya sabit olmasıdır. Mamdani tipli nəticəçıxarma üsulunda kəsilməz funksiyanın formalaşdırdığı iki ölçülü sahənin ağırlıq mərkəzini tapmaq tələb olunur və bu proses hesablama cəhətindən effektli hesab edilmir. Sugeno tipli metodun isə fazzi girişi və girişlərin xətti konbinasiyası olan səlis çıxışı vardır ki, bu da hesablama baxımından effektlidir. Sugeno üsulu verilmiş giriş-çıxış verilənlər çoxluğundan fazzi qaydalar hasil edən sistematik yaxınlaşmadır.