Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təhqiqatçı və müstəntiqləri üçün təlimlər keçirilmişdir
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə əmri ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqlərinin və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə 2016-cı ilin sentyabrın 19-dan oktyabrın 15-dək olan tarixlərdə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında təlimlər keçirilmişdir.
Təhqiqatçı və müstəntiqlərə tədris olunması üçün Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin və Baş Prokurorluğun məsul əməkdaşları ilə birgə Cinayət və Cinayət-Prosessual Məcəlləsinin müddəalarını əhatə edən 24 mövzu seçilmişdir.
Təlimlər Baş Prokurorluğun 8 sahəni əhatə edən strukturlardan cəlb edilmiş 23 təcrübəli əməkdaş tərəfindən keçirilmişdir.
Təhqiqatçı və müstəntiqlər 1-ci və 2-ci qruplara bölünməklə tədrisə cəlb edilmişlər. Qruplarda müvafiq olaraq 21 və 22 nəfər dinləyici olmuşdur. Təlim prosesi hər gün 2-3 mövzunu əhatə etmiş və hər iki qrup üzrə ümumilikdə, 17 dərs gününə yekunlaşmışdır.
Keçilmiş mövzuların dinləyicilər tərəfindən mənimsənilməsi səviyyəsini və təlimin səmərəliyini müəyyən etmək məqsədilə təlimin sonunda, 15 oktyabr 2016-cı il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində test üsulu ilə imtahan keçirilmişdir. Hər bir dinləyiciyə elektron 100 sual təqdim edilmişdir. Testlər 25-i sadə, 50-si orta və 25-i çətin olmaq şərtilə 3 təsnifat qrupuna bölünmüşdür.
Hər iki təlim qrupu üzrə təşkil edilmiş imtahanda ümumilikdə, 41 nəfər iştirak etmişdir. İmtahanın yekunda bütün təlim iştirakçılarına sertifikat, ən yüksək nəticə göstərməklə fərqlənən 3 əməkdaşa isə şəhadətnamə verilmişdir.
İmtahan prosesində Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin və Tədris Mərkəzinin rəisləri iştirak etmiş və təlimin müvəffəqiyyətlə bitməsi münsibətilə dinləyiciləri təbrik etmiş və onlara işlərində uğurlar arzulamışlar.