XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə növbəti təlim başa çatdı

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlimin keçirilməsi barədə əmrinə əsasən Tədris Mərkəzində 16 sentyabr 2016-cı il tarixdən 4 oktyabr 2016-cı il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün əyani təhsilalma sistemi tətbiq edilməklə təlim təşkil edilmişdir.

Təlimə 19 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur.

Stajçı əməkdaşların hər biri imtahanından əvvəl 5-10 dəqiqəlik məruzə ilə sərbəst bir mövzu üzrə təqdimat keçirmişdir. Əməkdaşlardan Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Hüquq şöbəsinin hüquqşünası Abdullayeva Yaqut Əli qızı, 6 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Abdullayev Ayçin  Abdulla oğlu, 9 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Ağayev Fuad Vaqif oğlu, həmin idarənin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi İsmayılov Tural Tofiq oğlu və 11 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Hacıyev Elmir Məmməd oğlu fərqlənmişlər.

Stajçı əməkdaşların bir qrupu tədris məşğələlərində xüsusi fəallıq göstərmişlər. Bu əməkdaşlardan Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin Vergi cinayətlərinin araşdırılması şöbəsinin hüquqşünası Cəfərova Samirə Bəxtiyar qızını, 6 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi Məlikov Rəşad Cabbar oğlunu, 9 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Ağayev Sultan Ramiz oğlunu və Qubadlı Rayon Vergilər Şöbəsinin Bəyannamələrin qəbulu və uçotun təşkili bölməsinin dövlət vergi müfəttişi Osmanova Nərmin Fərman qızını qeyd etmək olar.

Kursun yekunu üzrə, 4 oktyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Hüquq şöbəsinin hüquqşünası Abdullayeva Yaqut Əli qızı (93%) və Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin Vergi cinayətlərinin araşdırılması şöbəsinin hüquqşünası Cəfərova Samirə Bəxtiyar qızı (91%) imtahandan “əla” qiymətlər almışlar.

6 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Seyidov Həsən Mirhəşim oğlu (69%) aşağı nəticə göstərərək imtahandan “qeyri-kafi” qiymət almışdır. Digər əməkdaşların bilik səviyyələri “kafi” və “yaxşı” qiymətləndirilmişdir.

Qrup üzrə sınaq imtahanının nəticəsi 58,9%, yekun qiymətləndirilmənin nəticəsi isə 79,8% olmuşdur (fərq +20,9 bənd).

İmtahanın nəticələri protokollaşdırılmışdır.

İmtahan komissiyasının üzvləri təlimi uğurla başa vurmuş əməkdaşlara sertifikatlar vermiş və onların gələcək fəaliyyətində uğurlar arzulamışlar.