Təlimi giriş sözü ilə Tədris Mərkəzinin rəisi Əli Həsənov açdı. O, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi qarşıda duran prioritet vəzifələrdən biri kimi müəyyən olunduğunu qeyd etdi.
Azərbaycan Respublikası Prezidentinin «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanunun tətbiq edilməsi barədə» 4 aprel 2002-ci il tarixli fərmanına əsasən, bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, vergi qanunvericiliyinə düzgün riayət olunmasında metodiki rəhbərliyin həyata keçirilməsi Vergilər Nazirliyinə həvalə edilmişdir.
Bələdiyyə Vergi İnformasiya Sistemində (BVİS) yeni uçotun yaradılması ilə əlaqədar olaraq vergilər nazirinin müvafiq əmri ilə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı yeni qaydalar – metodiki vəsaitlər təsdiq edilmişdir.
Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotunu nəzərdə tutan BVİS proqram təminatı kargüzarlıq, vergilərin elektron qaydada ödənilməsi, bəyannamələrin elektron qaydada təqdimatı, bələdiyyələr qarşısında potensial vergi öhdəliyi olan fiziki və hüquqi şəxslər tərəfindən öz əmlaklarını qeydiyyatdan sərbəst şəkildə keçirmək, onlar üçün qeydiyyat şəhadətnaməsini almaq imkanlarını yaratmışdır.
Vergilər nazirinin respublikanın şəhər və rayonlarında keçiridiyi vətəndaş qəbulları zamanı görüşlərində bələdiyyə nümayəndələrinin qaldırdıqları problemli məsələlərin həll edilməsi, bələdiyyələrin vergi yığımına, informasiya sistemləri və zəruri proqram təminatı ilə təchiz edilməsinə metodiki köməkliyin göstərilməsi, ərazi vergi orqanları ilə bələdiyyələr arasında sıx əməkdaşlığın yaradılması ilə bağlı Vergilər Nazirliyinin Tədris Mərkəzinə və Ərazi vergi orqanları ilə iş üzrə baş idarəyə müəyyən tapşırıqlar verilmişdir. Bu məqsədlə BVİS-in tətbiq edildiyi bələdiyyələrin nümayəndələri üçün 3-4 oktyabr 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlimdə 59 bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Təlimin birinci günündə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotu ilə əlaqədar mövzular araşdırılmış, “Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun müddəaları, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin əmlak və torpaq vergilərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi qaydaları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılmış və qeyd olunan məsələlər müzakirə edilmişdir.
Təlim zamanı həmçinin, BVİS-nin altsistemləri və onların xüsusiyyətləri, BVİS-də yerli verginin ödəyicisi olan fiziki şəxslərin uçota alınması, BVİS-də qeydiyyata alınmış yerli (bələdiyyə) verginin ödəyicilərinə yerli (bələdiyyə) vergilərinin hesablanması və tədiyyə bildirişlərinin elektron qaydada hazırlanması və yerli (bələdiyyə) vergiləri üzrə daxilolmaların BVİS-ə işlənməsi prosedurları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılmış və bu istiqamətdə geniş və səmərəli müzakirələr aparılmışdır.
Qeyd olunan məsələlər üzrə müzakirələrdə Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin, Tədris Mərkəzinin əməkdaşları və “Cybernet” şirkətinin nümayəndəsi iştirak etmişlər.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş məsləhətçisi Qalib Məmmədov, baş metodisti Samir Nuriyev və aparıcı məsləhərçisi Bahadur Kərimov da təlimçi qismində təlimə cəlb edilmişlər.
Təlimin ikinci günündə Akademiyanın əməkdaşları bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi, bələdiyyə torpaqlarının idarə edilməsi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları və bələdiyyələrin şəffaflığının artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması mövzuları üzrə məruzə ilə çıxış etmişlər.
Təlimin sonunda keçilən mövzular üzrə müzakirələr aparılmışdır.