XƏBƏRLƏR

15.09.2016-cı il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “Bilik günü”nə həsr edilmiş toplantı keçirilmişdir.

Vergilər Nazirliyinin Tədris Mərkəzində “Bilik günü” münasibəti ilə toplantı keçirilmişdir. Tədris Mərkəzinin rəisi Əli Həsənov toplantını giriş sözü ilə açaraq 2004-cü ildən etibarən hər ilin 15 sentyabr tarixinin respublikamızda “Bilik günü” kimi qeyd olunduğunu bildirmişdir.

Daha sonra Əli Həsənov ölkədə təhsilin tarixi barədə danışarkən bildirmişdir ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, son illərdə isə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.

Əli Həsənov çıxışında Vergilər Nazirliyinin də təhsilə böyük önəm verdiyini bildirmişdir. O, ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyul tarixdə imzaladığı «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair 539 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı ilə yaradılmış və Tədris Mərkəzinin yeni kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində, Böyük Qafqaz sıra dağlarına aid olan və dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən ərazidə, ekoloji baxımdan əlverişli məkanda inşa edilmişdir. 2011-ci il sentyabr ayının 13-də cənab İlham Əliyevin iştirakı ilə müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olmuşdur. Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanlarını verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilmişdir.  

       Tədris Mərkəzinin fəaliyyəti barədə danışarkən Əli Həsənov bildirmişdir ki, Mərkəz vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının və ixtisaslarının artırılmasını, vergi sisteminin təkmilləşdirilməsi və vergi orqanlarının müasir metodoloji bazasının yaradılması sahəsində elmi tədqiqatların aparılmasını, Mərkəzin dinləyicilərinin vergilərin müxtəlif sahələri üzrə əvvəllər qazanılmış biliklərinin, habelə mövcud qanunvericiliyə edilən dəyişiklik və əlavələr üzrə biliklərinin elmi, nəzəri və praktiki baxımdan təkmilləşdirilməsini təmin edir.

Vergi orqanlarının təcrübəsinin dərindən öyrənilməsi, vergi orqanlarının əməkdaşlarının təlim tələbatlarının öyrənməsi və buna müvafiq təkliflərin hazırlanması, əməli fəaliyyət prosesində müasir elmi-texniki informasiyadan və vasitələrdən səmərəli istifadəni təmin etmək, öz profili üzrə elmi iclaslar, tədris və metodik konfranslar, seminarlar və yığıncaqlar keçirmək, digər ixtisasartırma müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlığı həyata keçirmək kimi funksiyalar bu gün Tədris Mərkəzinin əsas vəzifələridir.

Əli Həsənov çıxışının sonunda dövlət vergi orqanlarına işə yeni qəbul olunmuş əməkdaşlara “Peşə fəaliyyətinin ümumi əsasları” təlim bloku üzrə təlimlərin keçirilməsi, vergi orqanları əməkdaşlarının daim yeniləşən qanunvericiliyin mənimsənilməsi üçün onların ixtisasartırma kursalarına, peşəkar kadrların formalaşması istiqamətində isə əməkdaşların sertifikatlaşdırma proseslərinə cəlb edilməsi ilə Vergilər Nazirliyinin təhsilə nə qədər önəm verməsi barədə də toplantı iştirakçılarına bir daha məlumat verdi.

Toplantıda Tədris Mərkəzinin kollektivi ilə yanaşı dövlət vergi orqanlarına işə yeni qəbul olunmuş əməkdaşlar da iştirak etmişdir.