XƏBƏRLƏR

Tədris Mərkəzinin Şamaxıda fəaliyyətinin 5 ili tamam oldu

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şamaxıda tikilmiş Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni kompleksi 2011-ci ilin sentyabr ayının 13-də istifadəyə verilmişdir. Bu gün dünya standartlarına cavab verən müasir tədris kompleksinin fəaliyyətinin 5 ili tamam olur.

Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmış, 2,1 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə dördmərtəbəli tədris binası, üçmərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan 4 ailə üçün nəzərdə tutulmuş qonaq evi daxildir. Mərkəzdə bütün texniki vasitələrlə təchiz edilmiş böyük və kiçik konfrans zalları, vergi muzeyi, akt zalı, İmtahan otağı və üç mühazirə auditoriyası, məşğələ və seminar otaqları, kitabxana, oxu zalı, idman sağlamlıq kompleksi və s. yaradılmışdır.

                          

Mərkəzin açılışında çıxış edən Cənab Prezident İlham Əliyev son illər respublikamızda vergi sistemində aparılan islahatlara və bu sahədə modern texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının həyata keçirilməsinə toxunaraq Azərbaycanın qarşıdakı inkişaf yolunun məhz yeni innovasiyalara əsaslandığını bəyan etmişdir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Ən yüksək standartlara cavab verən Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. «Təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdir və uğurumuzun səbəblərindən biridir. Çünki biz çalışırıq ki, bütün işləri möhkəm əsaslar üzərində quraq», - deyən dövlət başçısı respublikamızın iqtisadi inkişafının elmi biliklərə əsaslanan təməllər üzərində qurulduğunu diqqətə çatdırmışdır.

               

Ötən beş il ərzində Tədris Mərkəzinin fəaliyyəti səmərəli olmuş və öz dinamik inkişafı ilə səciyyələnmişdir. 2012-2016-cı illər ərzində təlimlərə ümumilikdə 7603 nəfər cəlb edilmişdir. Bunlardan 1842 nəfər ixtisasartırma təlimlərinə, 687 nəfər ilkin hazırlıq kurslarına, 5074 nəfər isə qısamüddətli təlimlərə cəlb edilmişlər. Eyni zamanda tədris prosesinin normativ bazasının təkmilləşdirilməsi sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, vergilər nazirinin müvafiq əmrləri ilə Vergilər Nazirliyində həyata keçirilən təlimlərin keyfiyyətinin və nəticəliliyinin qiymətləndirilməsi üçün vergi orqanlarının vəzifəli şəxsləri arasında sorğuların aparılması, orta ümumtəhsil məktəblərində və texniki peşə liseylərində mövcud olan metodiki kabinetlərin və vergi tədris otaqlarının maddi-texniki təminatının və tədris-metodiki vəsaitlərə olan ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə monitorinqin keçirilməsi, dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin və onların müstəqil öyrənmə imkanlarının artırılması üçün hazırlanan təlim materiallarına dair tələbləri, eləcə də onların ekspertizasının keçirilmə proseduralarını, bilik və peşə hazırlığı səviyyələrinin qiymətləndirilməsi üçün test tapşırıqlarının tərtibinə dair tələbləri və onların ekspertizası üsullarını müəyyən etmək, dövlət vergi orqanları əməkdaşlarının müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması, E-kitabxananın “Onlayn təlim” sistemi vasitəsilə qısamüddətli təlimlərin təşkili və keçirilməsi prosedurunu müəyyən etmək üçün bir sıra Metodiki tövsiyələr və Qaydalar təsdiq edilmişdir.

                

Qeyd etmək lazımdır ki, Tədris Mərkəzinin fəaliyyəti yalnız təlim və tədris prosesi ilə deyil, vergitutmanın və vergi siyasətinin müxtəlif aspektlərini əhatə edən elmi konfransların, dəyirmi masaların, müxtəlif xarakterli respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlamətdar olmuşdur:

  • Beynəlxalq əməkdaşlıq çərçivəsində 2012-ci il fevralın 15-də «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər» mövzusunda konfrans;
  • 2015-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə əməkdaşlığı çərçivəsində “Vergi üzrə Peşəkar Təlim və İnkişaf  Forumu”;
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə həyata keçirilən Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla, dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi çərçivəsində yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılması məqsədilə Tədris Mərkəzində “Yüksək vəzifəli dövlət qulluqçuları üçün Liderlik Proqramı” çərçivəsində təlimlər;
  • 2015-ci ilin iyun ayında Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda respublika əhəmiyyətli elmi-praktik konfrans;
  • “İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsi çərçivəsində dövlət vergi orqanlarının orta menecerləri (şöbə və bölmə rəisləri) üçün  “İdarəetmənin əsasları” mövzusunda təlim təşkil edilmişdir.

                 

Eyni zamanda 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, AMEA-nın Tarix İnstitutunun, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfrans işə başlamış və aprelin 8-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzində davam etdirilmişdir.

Vergilər Nazirliyinin Tədris Mərkəzi vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının və ixtisaslarının artırılmasını, vergi sisteminin təkmilləşdirilməsi və vergi orqanlarının müasir metodoloji bazasının yaradılması sahəsində elmi tədqiqatların aparılmasını, Mərkəzin dinləyicilərinin vergilərin müxtəlif sahələri üzrə əvvəllər qazanılmış biliklərinin, habelə mövcud qanunvericiliyə edilən dəyişiklik və əlavələr üzrə biliklərinin elmi, nəzəri və praktiki baxımdan təkmilləşdirilməsini təmin edir. Mərkəz insan resurslarının inkişaf etdirilməsini, kadrların peşə hazırlığının müasir səviyyəyə yüksəldilməsini daim diqqət mərkəzində saxlayır.