XƏBƏRLƏR

Dövlət vergi orqanlarının əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsində liderlik ” mövzusunda növbəti təlim keçirilmişdir.

Vergilər Nazirliyinin müvafiq əmri ilə dövlət vergi orqanlarında mövcud olan insan resurslarından daha səmərəli istifadənin təşkil edilməsi istiqamətində dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün yaradılmış kadr ehtiyatına daxil edilmiş əməkdaşların idarəetmə sahəsində biliklərinin təkmilləşdirilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün 26.08.2016-cı il tarixdə Tədris Mərkəzində “İnsan resurslarının idarə edilməsində liderlik” mövzusunda təlim keçirilmişdir.  

Təlimin keçirilməsində əsas məqsəd kadr ehtiyatında olan əməkdaşların idarəetmə sahəsində daha müasir biliklərə və innovativ metodlara yiyələnməsi olmuşdur.

Təlimdə təlimçi qismində İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin baş mütəxəssisi İlkin Rəhimov və dinləyici qismində Vergi ödəyicilərinə xidmət baş idarəsinin, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları (şöbə rəisləri) iştirak etmişlər.                                            

Təlimdə komanda anlayışı, mahiyyəti və növləri açıqlanmış, komanda işinin üstünlükləri qeyd edilmiş, komandanın inkişaf mərhələləri və mərhələlərə uyğun idarəetmə sisteminin qurulması prinsipləri və xüsusiyyətləri açıqlanmış, komandada rollar və onların fərdi xüsusiyyətləri araşdırılmış, effektiv komandanın yaradılması istiqamətləri qeyd edilmişdir. Bundan başqa, komanda işində yol verilən səhvlər araşdırılmış və onların həlli istiqamətləri göstərilmişdir. Təlimin sonunda qeyd olunan məsələlər və qrup tapşırıqları geniş müzakirə edilmişdir.

Təlimin bütün iştirakçıları təlim prosesindəki müzakirələrdə, qrup tapşırıqlarında və sual-cavabda aktiv iştirak etmişlər.

Təlimçi İlkin Rəhimovun komanda işini qurmaqda liderlik keyfiyyətləri, mövzuları təqdim etmək, sualları cavablandırmaq, auditoriyanı idarəetmə bacarığı və nümayiş etdirdiyi materiallar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.