Azərbaycan Respublikası vergilər nazirinin 13 may 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları” ixtisasartırma təhsilinin innovasiya təlim modulları üzrə də həyata keçirilməsini nəzərdə tutur.
Təşkil edilmiş innovasiya təlim modulunun əsas məqsədi əməkdaşların daim dəyişən və yeniləşən iş şəraitinə uyğunlaşmasını, yeniliklərin mənimsənilməsini, idarəetmə qabiliyyətlərinin yüksəldilməsini, yeni texnologiyalar və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini təmin etməkdən ibarətdir.
Bunları nəzərə alaraq, Vergilər Nazirliyinin 17 avqust 2-16-cı il tarixli əmri ilə dövlət vergi orqanlarının əməkdaşları üçün “AVİS altsistemindən istifadə” mövzusunda 18-19 avqust 2016-cı il tarixlərdə Tədris Mərkəzində innovasiya təlimi təşkil edilmişdir.
Təlimin dinləyiciləri səyyar vergi yoxlamasının aparılması və vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət sahəsində çalışan əməkdaşlar olmuşlar.
Təlim prosesində AVİS-də “Audit”, “İş qovluqları”, “Vergi hesab-fakturaları”, “Bəyannamə/ŞHV” alt modullarından, “Hesabat -Axtarış” informasiya sistemindən istifadə qaydaları, AVİS, “Hesabat/Axtarış” informasiya sistemindəki və vergi orqanlarında olan digər məlumatlar əsasında (bəyannamə, iş qovluğu, şəxsi vərəqə, idxal-ixrac, vergi hesab-fakturaları, ƏDV depozit hesabı məlumatları və c.) yoxlanılan vergi ödəyicisinin fəaliyyətinin təhlil edilməsi, məlumatın hazırlanması, səyyar vergi yoxlamasında sənədləşmələrin aparılması (o cümlədən AVİS-də qərar, bildiriş, tələbnamə, məlumat, protokol, xidməti məruzələr və s. hazırlanması), səyyar vergi yoxlaması aktının AVİS-də hazırlanması, məsuliyyətə cəlb etmə, məsuliyyətə cəlb etməkdən imtina, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarların çıxarılması qaydaları tədris olunmuşdur.
Təlimdə təlimçi qismində Vergi auditi və operativ nəzarət idarəsinin Təşkil şöbəsinin böyük dövlət vergi müfəttişləri Hacıyev Səbuhi Cahangir oğlu və Seyidli Rəşad Söyünqulu oğlu iştirak etmişlər.
Təlimin sonunda dinləyicilərin bu istiqamətdə peşə hazırlığı səviyyəsinin müəyyən edilməsi məqsədilə imtahan keçirilmişdir.