“İnsan resurslarının inkişafı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” Tvinninq Layihəsi çərçivəsində dövlət vergi orqanlarının orta menecerləri (şöbə və bölmə rəisləri) üçün “İdarəetmənin əsasları” mövzusunda 27-29 aprel 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzində təlim keçirilir. Fransanın Dövlət Maliyyə Direktorluğunun Regional Dövlət Direktorluğunun insan resursları üzrə direktor müavinin assistenti Patris Katella və həmin Direktorluğun Vergi auditorları şöbəsinin rəisi Havier Ottavi təlimdə ekspert kimi iştirak edirlər.
Təlimin məqsədi menecerlərin idarəetmə sahəsində biliklərinin təkmilləşdirilməsindən, onlara bu sahədə yeni biliklərin aşılanmasından ibarətdir.
Təlim zamanı strateji planlaşdırma, bacarıqların inkişaf etdirilməsi və fəaliyyətin idarə edilməsi, motivasiya və konfliktlərin idarə olunması mövzularının tədrisi nəzərdə tutulur. Təlimdə Vergilər Nazirliyinin 45 əməkdaşı iştirak edəcəkdir.