XƏBƏRLƏR

Vergilər Nazirliyinin inzibati binasında 29 iyul 2016-cı il tarixində e-kitabxanaya məsul şəxslər ilə görüş keçirilmişdir

İyul ayının 29-da Vergilər Nazirliyinin inzibati binasında e-kitabxanaya məsul şəxslər ilə görüş keçirilmişdir.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov görüş iştirakçılarını salamladıqdan sonra görüşün məqsədi və əhəmiyyəti barədə iştirakçıları məlumatlandırmışdır.

Çıxışda qeyd olunmuşdur ki, e-kitabxanadan məqsədəuyğun şəkildə istifadə edilməsi, bir tərəfdən vergi orqanları əməkdaşları tərəfindən zəruri məlumatların əldə edilməsini asanlaşdırır, digər tərəfdən isə beynəlxalq aləmdə vergi sahəsində mövcud inkişaf tendensiyaları ilə tanış olmağa, yeni biliklərin mobil şəkildə əldə olunmasına şərait yaradır. E-kitabxananın səmərəli fəaliyyətinin əsas cəhətlərindən biri kitabxanada yerləşdirilən informasiyanın, sənədlərin, müxtəlif xarakterli materialların vergi orqanı əməkdaşlarının tələblərinə uyğun olmasıdır. Bu baxımdan e-kitabxanaya məsul olan şəxslərin üzərinə düşən xüsusi məsuliyyət vurğulanmışdır. Hər bir məsul şəxs öz çalışdığı sahə üzrə zəruri məlumat bazasını yaxşı bilməli və onun hansı ardıcıllıqla yerləşdirilməsinə nəzarət etməlidir. Vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı daimi olaraq yeni sənədlər, qaydalar , tövsiyələr yazılır. Bəzi hallarda köhnə qaydalar öz qüvvəsini itirir . Ona görə e-kitabxanaya məsul olan şəxslər bu məqamlara xüsusi diqqət yetirməli və e-kitabxanaya öz sahələri üzrə zəruri olan materialları operativ şəkildə daxil etməlidir.

Daha sonra Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin baş elmi işçisi Afət Əhmədova e-kitabxana barədə ümumi məlumat vermiş və təqdimatında e-kitabxananın istifadəçi interfeysi və məlumatların daxil edilməsi prosesini ətraflı izah etmişdir.

Eyni zamanda, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin rəisi İmran Qarayev müvafiq dövr ərzində e-kitabxana sahəsində görülmüş işlər, statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırmışdır.

İclasın ikinci hissəsində e-kitabxanaya məsul şəxslərin fikirləri dinlənilmiş, mövcud problemlər müzakirə edilmişdir. Məsul şəxslər tərəfindən verilmiş suallar yerində cavablandırılmış və əlaqələndirici şəxs tərəfindən müvafiq tövsiyyələr verilmişdir. Aparılmış müzakirələr nəticəsində bir sıra önəmli təkliflər səsləndirilmişdir.

İclasın yekununda bir daha iştirakçılara təşəkkür edilmiş və e-kitabxananın fəaliyyətinin genişləndirilməsi sahəsində mütəmadi olaraq əlaqəli şəkildə işlərin qurulması tövsiyyə edilmişdir.