Azərbaycan Respublikası vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun olaraq dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş əməkdaşlar üçün 28 iyul 2016-cı il tarixdən 12 avqust 2016-cı il tarixədək olan müddətdə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” təlim modulunun növbəti təlimi başlanmışdır.
Bu təlim modulunun məqsədi dinləyicilərə dövlət vergi orqanlarının fəaliyyət istiqamətləri və vəzifələri, aparılan vergi siyasəti, əməkdaşların peşə fəaliyyətindəki hüquqları və vəzifələri, onların iş prosesində riayət etməli olduğu ümumi qaydalar, o cümlədən etik davranış normaları və təlimatlar barədə bilikləri təqdim etməkdən ibarətdir.
Təlimdən qabaq işə yeni qəbul edilmiş əməkdaşlar Tədris Mərkəzində “Vergi Muzeyi”nin eksponatları ilə tanış oldular.
Təlim zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi məsələləri, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi auditinin həyata keçirilməsi, operativ vergi nəzarətinin aparılması, kargüzarlıq işlərinin aparılması, vergi ödəyicilərinə xidmət işinin təşkili, vergi borclarının alınması işlərinin təşkili, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyat və vergi uçotu işlərinin təşkili və hüquqi biliklərin əsasları), peşə fəaliyyətinin ümumi mövzuları (vergi xidməti əməkdaşlarının xidmət keçmə, geyim daşıma və sıra baxışı qaydaları, əməkdaşlarının etik davranış məsələləri, daxili xidməti intizam və məsuliyyət məsələləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət məsələləri, dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə və əmək qanunvericiliyinin tətbiqi məsələləri, dövlət büdcəsi və vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi, “Onlayn təlim” sistemi, e-kitabxana və beynəlxalq vergi informasiya platformasından istifadə prosedurları və s.) və mühasibat uçotunun əsasları dinləyicilərin diqqətinə çatdırılacaq.
Təlimin sonunda hər bir dinləyici, özünün maraq dairəsi çərçivəsində seçdiyi sərbəst mövzunun təqdimatını keçirəcəkdir.