XƏBƏRLƏR

Tədris Mərkəzinin rəis müavini Azərbaycan Banklar Assosiasiyasında görüşlər keçirmişdir

1 oktyabr 2026-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov ilə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Assosiasiyanın baş iqtisadçısı və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin direktoru Əzizağa Haxverdiyev arasında görüş keçirilib.

Görüşdə tərəflər arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi, təlim və maarifləndirmə sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də tədris mərkəzləri arasında qarşılıqlı fəaliyyətin mümkün istiqamətləri müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyəti, həyata keçirilən təlim proqramları və bank-maliyyə sektorunda peşəkar inkişafın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Müzakirələr zamanı birgə yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının və simulyasiyaların təşkili, aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, müştərək layihələrin, dərs vəsaitlərinin, elmi məqalələrin və digər nəşrlərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin təşkili və peşəkar inkişafı dəstəkləyən digər birgə tədbirlərin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüşün yekununda əməkdaşlığın institusional əsaslarının formalaşdırılması və qarşılıqlı maraq doğuran istiqamətləri əhatə edən ikitərəfli əməkdaşlıq memorandumu layihəsinin hazırlanmasına başlanılması barədə razılıq əldə olunub.