XƏBƏRLƏR

Tədris Mərkəzinin əməkdaşı DVX-ni beynəlxalq vergi simpozimunda təmsil etmişdir

Cari ilin 29 iyun - 3 iyul tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Rusiya Federal Vergi Xidmətinin Neva Akademiyasının Sankt-Peterburq Politexnik Universitetinin İqtisadiyyat və sənaye menejmentliyi institutu və digər elm-təhsil müəssisələri, habelə ÇXR, Almaniya, Özbəkistan və digər xarici ölkələrin nümayəndələrinin iştirakı ilə “Vergi islahatlarının nəzəriyyəsi və praktikası” mövzusunda XVIII Beynəlxalq Simpozium keçirilmişdir.

Plenar iclas və panel müzakirələr şəklində təşkil olunmuş simpoziumda texnoloji innovasiyaların fiskal stimullaşdırılmasının nəzəri-metodoloji, infrastruktur və praktiki aspektləri, vergidən yayınma halları ilə mübarizədə innovativ texnologiyaların tətbiqi, regional və sahəvi problemlər, süni intellektin, yüksək texnologiyalı tibbin tətbiqinin vergi stimullaşdırılması, texnologiyaların dövrləri ilə innovasiya prosesi arasındakı əlaqələrin müəyyən edilməsi, ölkənin texnoloji suverenliyinin təmin edilməsinə yönəlmiş vergi siyasətinin strateji istiqamətləri kimi aktual mövzular müzakirə olunmuş, texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə müsbət təcrübələr təqdim olunmuşdur.

Tədbirdə iştirak edən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev “Vergi cinayətkarlığı ilə mübarizədə innovativ texnologiyaların istifadəsi” və “Texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə Azərbaycan təcrübəsi” mövzuları üzrə təqdimatlar etmişdir. Nazim Əliyev simpozium çərçivəsində həmçinin Rusiya Federal Vergi Xidmətinin Neva Akademiyasının “Vergi inzibatçılığı sistemində rəqəmsal analitika” mövzusunda təşkil etdiyi ixtisasartırma təlimində (32 saat) iştirak edərək, onu uğurla bitirmişdir.

Xəbər üçün həmçinin bax: https://vergiler.az/news/taxes/39955.html