XƏBƏRLƏR

BDU-nun hüquq fakültəsində vergi hüququnda magistratura tədrisinin təşkili məsələləri müzakirə olunmuşdur

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəstəyi ilə Tədris Mərkəzi respublikamızın nüfuzlu elm-tədris müəssisəsi olan Bakı Dövlət Universiteti qarşılıqlı fəaliyyət şəklində ölkəmizin iqtisadi inkişafı üçün uğurlu layihələrin işlənib hazırlanması istiqamətində müəyyən işlərin görülməsinə başlanmışdır. İki təşkilatın əməkdaşlıq və resursların birləşdirilməsi yolu ilə birgə görülməsi mümkün olan işləri nəzərdə tutan tədbirlər planı işlənib hazırlanmışdır. Tədbirlər Planından nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün BDU-nun rəhbərliyi ilə mütəmadi görüşlər keçirilmiş və müzakirələr aparılmışdır.

Tədbirlər Planında həyata keçirilməsi nəzərdə tutulan vəzifələrdən biri BDU-nun hüquq fakültəsində magistratura pilləsi üzrə “Vergi hüququ” ixtisasının yaradılmasıdır. “Vergi hüququ” ixtisasının yaradılmasında əsas məqsəd iqtisadiyyat və hüquq elm sahələrinin inteqrativ tədrisi əsasında Dövlət Vergi Xidmətinin, habelə onun Tədris Mərkəzinin kadr potensialı imkanları və BDU-nun maddi-texniki və elmi potensialından istifadə edilməklə dövlət vergi orqanları ilə yanaşı, ölkəmizdə sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlər üçün vergi sahəsi üzrə ixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaqdır.

Görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2022-ci il tarixli 326s nömrəli sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə “Vergi hüququ” ixtisası əlavə olunmuşdur. Sərəncama əsasən,  Azərbaycan bölməsi üzrə 5, ingilis dili bölməsi üzrə 5, cəmi 10 nəfərin bu ixtisas üzrə qəbulu planlaşdırılır.

DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımovun BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyevlə keçirilmiş görüşündə BDU-da vergi hüququ ixtisası üzrə tədrisin bilavasitə təşkili istiqamətində müvafiq işlərin görülməsi məsələləri müzakirə olunmuşdur. BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Elçin Xələfovun və DVX Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin iştiraklları ilə keçirilən görüşdə müvafiq ixtisas üzrə tədris planı, tədris yükünün müəllim heyəti arasında bölgüsü, tədrisin təşkilində DVX, habelə Tədris Mərkəzi ilə BDU-nun hüquq fakültəsinin elmi-pedoqoji kadr potensialından səmərəli istifadə olunması, bu proseslərin əlaqələndilməsi və təşkili məqsədi ilə hüquq fakültəsində “Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi”nin yaradılması  və s. mühüm məsələlər müzakirə olunmuş, birgə razılaşdırılmış bu məsələlər üzrə müvafiq sənəd layihələrinin hazırlanaraq BDU-nun rəhbərliyinə təqdim olunması qərara alınmışdır.