XƏBƏRLƏR

Tədris Mərkəzində növbəti elmi seminarlar keçirilmişdir

Tədris Mərkəzinin Elmi Şurasının müvafiq qərarına uyğun olaraq cari ilin iyun ayında növbəti elmi seminarlar keçirilmişdir. Belə ki, Mərkəzin Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti Zahir Babayev “Ətraf mühit vergisi və beynəlxalq təcrübə” adlı mövzuda təqdimat mişdir. Elmi semiarda ətraf mühit vergisi, ətraf mühit vergisinin dayanıqlı inkişafa təsiri və beynəlxalq təcrübədə ətraf mühit vergisinin tətbiqi məsələləri geniş müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, beynəlxalq təcrübədə ətraf mühit vergiləri təyinatına görə ekologiyanın qorunmasına çəkilən xərclərin kompensasiyası məqsədilə təbii resurslardan və ekoloji xidmətlərdən istifadəyə görə tutulan, istehsalçı və istehlakçıların ekologiyanın qorunmasında iştirakını stimullaşdıran, müstəsna olaraq fiskal funksiya daşıyan və büdcənin təmin olunmasına xidmət edən vergilərə ayrılır. Qeyd edilmişdir ki, ətraf mühit vergiləri müəyyən olunarkən ekoloji vergi növü, ekoloji problemin ödəniş yolu ilə həll edilməsi, həm proqnozlar, həm də effektiv nəticələr nəzərə alınmaqla verginin təsiri, iqtisadi stimullaşdırma səviyyəsi, habelə əlaqələndirmə yolları, mənfi təsirlərin qarşısını almaq üçün həllər, sosial-iqtisadi yan təsirlərin təhlili və s. nəzərə alınmalıdır.

Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev isə “Vergi hüquq münasibətlərindən yaranan mübahisələrin alternativ həll yolları: milli və beynəlxalq təcrübə” mövzusunda seminar aparmışdır. Mövzu üzrə təqdimat zamanı vergi-hüquq münasibətlərində yaranan mübahsələrin tarixi, səbəbləri, həll yolları və s. vacib məsələlərə diqqət yetirilmişdir. Dövlət Vergi Xidməti tərəfindən baxılan inzibatı şikayətlər üzrə icraatın xüsusiyyətləri, bu barədə statistik məlumatlar, qəbul olunmuş qərarlardan apelyasiya şikayətlərinin verilməsi üzrə iştirakçılara ətraflı məlumat verilmişdir. Eyni zamanda, beynəlxalq təcrübədə vergi hüquq münasibətləri sahəsində yaranan mübahisələrin alternativ həlli yolları kimi tətbiq edilən vergi ombudsmanı, mediasiya üsulu və məhkəməyəqədər icaraatadək mübahisələrin barışıq şəklində həllini nəzərdə tutan digər mexanizmlər və onların üstün cəhətlərindən geniş bəhs olunmuşdur.

Mövzular üzrə müzakirələr interaktiv şəraitdə keçmiş, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.