XƏBƏRLƏR

Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

25 aprel 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elmi Şurasının iclası keçirilmişdir. İclasda Tədris Mərkəzinin 2022-ci il üçün “Torpaq, əmlak və qeyri-neft sektorunda mədən vergisinin optimal dərəcəsinin müəyyən edilməsi” mövzusunda müəyyən olunmuş elmi tədqiqat işi üzrə hazırlanmış planın və Tədris Mərkəzinin qüvvədə olan Əsasnaməsinə əlavə və dəyişiklərin edilməsi üzrə hazırlanmış layihənin müzakirəsi aparılmışdır.

Elmi Şuranın qərarına əsasən, “Torpaq, əmlak və qeyri-neft sektorunda mədən vergisinin optimal dərəcəsinin müəyyən edilməsi” mövzusunda müəyyən olunmuş elmi tədqiqat işinin 2022 - 2024-cü illərdə mərhələli şəkildə müəyyən ardıcıllıq (2022-ci il ərzində torpaq vergisi, 2023-cü il ərzində əmlak vergisi, 2024-cü il ərzində qeyri-neft sektorunda mədən vergisi) üzrə həyata keçirilməsi qərara alınmışdır.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Əsasnaməsi üzrə Elm, innovasiya və əməkdaşlıq şöbəsi tərəfindən hazırlanmış əlavə və dəyişikliklər layihəsinə dair Elmi Şurada aparılmış müzakirənin yekunu olaraq, Elmi Şuranın üzvləri tərəfindən səsləndirilmiş təkliflərin nəzərə alınması üçün həmin layihənin yenidən işlənilməsi və bundan sonra aidiyyəti üzrə göndərilməsi barədə müvafiq qərar qəbul olunmuşdur.