Cari ilin 5-8 fevral tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən inzibati binasında gənclərin peşə hazırlığı layihəsi çərivəsində “Qış Məktəbi” təşkil edilmişdir.
Proqram boyunca gənclərə “Vergi qanunvericiliyində dəyişikliklər və onların şərhi”, “Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu”, “Müasir biznesin əsasları və biznesmenin vergi münasibətləri” mövzularında təlimlər təşkil edilmişdir. Təlimləri Tədris Mərkəzinin müəllimləri tədris etmiş və iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır.
Proqramda həmçinin kənar təlimçi, 2-ci dərəcəli dövlət qulluqçusu Nərmin Əhmədova “İşgüzar etiket və biznes etikası” mövzusunda təlimlə çıxış etmişdir.
Qış Məktəbində dərslərlə yanaşı iştirakçılar üçün Şamaxı rayonunda yerləşən qədim Dəmirçi kəndinə, Tarix-Diyarşünaslıq Muzeyinə turistik səfərlər təşkil edilmişdir.
Tədbir zamanı gənclər üçün intellektual və əyləncəli oyunlar keçirilmiş, qaliblərə və digər iştirakçılara müxtəlif mükafatlar təqdim edilmişdir. Qış Məktəbinin sonuncu günü bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.