XƏBƏRLƏR

Tədris Mərkəzində növbəti seminarlar keçirilmişdir

28 dekabr 2021-ci il tarixdə Tədris Mərkəzində “Rəqəmsal ticarətin vergiyə cəlb edilməsi: beynəlxalq yanaşma” və “Vergidən yayınma əməllərinə görə cinayət məsuliyyəti: nəzəriyyə və təcrübə” mövzuları üzrə seminarlar keçirilmişdir.

Birinci mövzu üzrə təqdimat edən Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi Ülkər Kazımova çıxışında rəqəmsal iqtisadiyyatın və ticarətin anlayışı, vergiyə cəlb edilməsi xüsusiyyətləri, rəqəmsal xidmətlərin vergiyə cəlb olunduğu ölkələrin təcrübəsi, beynəlxalq sahədə bu sahədə təklif edilən yanaşmalar və Azərbaycan Respublikasında mövcud vəziyyət barədə ətraflı məlumat vermişdir.

İkinci mövzu üzrə təqdimat edən Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev çıxışında vergilərin hər bir dövlətin iqtisadi sisteminin zəruri həlqələrindən biri olub, ictimai həyatın bütün sahələrinin maliyyələşdirilməsi üçün başlıca mənbə rolunu oynadığını, bu bazımdan vergiləri ödəməkdən yayınmanın ölkənin təkcə iqtisadi, büdcə sistemi deyil, bütövlükdə ictimai inkişaf üçün ciddi təhdidlər yaratdığını qeyd etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası CM-də vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə məsuliyyət nəzərdə tutan 213-cü maddənin hüquqi təhlilini aparmış, cinayətin obyektiv və subyektiv əlamətləri ilə əlaqədar tövsifi sahəsində yaranan çətinlikləri diqqətə çatdırmışdır.

Hər iki mövzu üzrə müzakirə interaktiv şəraitdə keçmişdir.