XƏBƏRLƏR

Tədris Mərkəzində USAID-in nümayəndəsi ilə görüş keçirilib

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Mərkəzi Aparatın əməkdaşlarının iştirakı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı layihəsinin biznes mühitinin inkişafı üzrə meneceri Elsəvər Quliyevlə görüş keçirilib. Tədbirdə Agentliklə dövlət vergi orqanları arasında sahibkarlığa dəstək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək layihələrinin əhəmiyyətini vurğulayan Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, eyni zamanda, rəhbərlik etdiyi qurumun ümumi fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Elsəvər Quliyev, öz növbəsində, dövlət orqanları ilə sıx əlaqələrin qurulmasının vacibliyini, ölkədə sahibkarlığın inkişafına dəstək layihələrinin həyata keçirilməsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin, vergi orqanları tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və elmi araşdırmaların aparılması istiqamətində USAID ilə Tədris Mərkəzinin əməkdaşlıq istiqamətləri və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.