XƏBƏRLƏR

Tədris Mərkəzi tərəfindən “Əmək münasibətlərinin nizamlanması və vergitutma məsələləri” mövzusunda seminar keçirilib

Seminarı giriş sözü ilə Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov açaraq iştirakçıları salamladı və keçirilən seminarın əhəmiyyətindən, bu istiqamətdə mövcud olan normativ-hüquqi bazadan və Dövlət Vergi Xidməti tərəfindən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı.

Seminarda  təlimçi qismində Vergi inzibatçılığının tədrisi şöbəsinin dosenti Zahir Babayev “Əmək münasibətlərinin nizamlanması və vergitutma məsələləri” mövzusunda təqdimatla çıxış edibdir.

Seminarda əmək münasibətlərinin xarakteri, əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasındakı fərq, əmək münasibətlərinin rəsmiləşməsində istinad olunan qanunvericilik bazası, əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları və əmək münasibətlərində vergitutma məsələləri geniş müzakirə edilmişdir.

Seminarda çıxış edənlər qeyd ediblər ki, Əmək məcəlləsində edilmiş son dəyişikliyə əsasən əmək münasibətlərinə konkret anlayış verilmişdir ki, bu da əmək fəaliyyəti həyata keçirən işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılmasını bir mənalı olaraq inkar edir və əks halda bu mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

       Belə ki, bəzi hallarda vergi ödəyicilərinin bir qismi öz işçiləri ilə əmək müqavilələrini bağlamaq əvəzinə onlarla xidməti müqavilə bağlayaraq həmin şəxsləri vergi orqanında vergi uçotuna durmağa təhrik edir, bununla da işəgötürənin üzərinə düşən vergi öhdəliklərini minimallaşdırmağa çalışır.

      Daha sonra seminarın gedişində qeyri-leqal məşğulluğun aradan qaldırılması məqsədi ilə əmək müqaviləsinin mahiyyəti, onun tərəfləri, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, hesablanmış əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması, əmək müqaviləsinin rəsmiləşdirilməsinin işçi üçün üstün cəhətləri və əlavə mənbələr barədə məlumatlar verilib.

        Mövzu geniş müzakirələrə səbəb olub. Müzakirələrdə Tədris Mərkəzinin rəisinin səlahiyyətlərini icra edən Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev,  Vergi inzibatçılığının tədrisi şöbəsinin müəllimi Azər Məmmədov, Tədris və metodika şöbəsinin rəisi  Ramiz  Məhərrəmov, Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Ülkər Kazımova,  həmin şöbənin dosenti Rəşad Əhmədov, müəllimi Tural Abbasov, İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin dosenti  Qalib Tanrıverdiyev, Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin Baş iqtisadçı Xəyal İsmayılov və başqaları çıxış ediblər.

         Seminarda 18 nəfər dövlət vergi orqanı əməkdaşı iştirak edib.