Dövlət Vergi Xidməti tərəfindən əməkdaşların fəaliyyətinin stimullaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi, qulluq vəzifələrinin layiqincə icrası, əməyə münasibət üzrə motivasiyanın gücləndirilməsi, xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili məsələlərinə xüsusi diqqət yetirilir. Bu məqsədlə həmçinin DVX-nin 7 aprel 2020-ci il tarixli 2017040100403600 nömrəli əmri ilə “Dövlət vergi orqanları əməkdaşlarının fəaliyyətinin rüblük qiymətləndirilməsi Qaydaları” təsdiq edilmişdir. Qaydalara uyğun olaraq dövlət vergi orqanlarının əməkdaşlarının potensialından səmərəli və məqsədyönlü istifadənin təmini və xidmətdə xüsusi fərqlənən əməkdaşların seçilib mükafatlandırılması həyata keçirilir.
Tədris Mərkəzi dövlət vergi orqanları əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə əlavə həvəsləndirmə tədbiri olaraq 17.03.2021-ci il tarixli 2195030000118000 məktubla DVX-nin rəhbərliyinə müraciət edərək, mükafatlandırılma siyahısına daxil edilmiş tərkibdən müəyyən sayda əməkdaşın seçilərək, rüb ərzində bir dəfə həftənin son 2 gününün Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında istirahət vaxtlarının səmərəli təşkili və bu çərçivədə respublikamızın elm, təhsil və dövlət idarəetməsi sahəsində çalışan və böyük təcrübəyə və nüfuza malik olan şəxslərin iştirakı ilə görüşlərinin keçirilməsini təklifi etmişdir. Təklif Xidmətin rəhbərliyi tərəfindən dəstəklənmiş və bu barədə 29.04.2021-ci il tarixli 2117040100387300 nömrəli əmr imzalanmışdır.
Həmin əmrin icrası məqsədilə 2021-ci il 1-2 may tarixlərində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Xidmətin ayrı-ayrı strukturları üzrə fərqlənmiş 37 əməkdaşı üçün Mərkəzin Şamaxı rayonunda yerləşən inzibati binasında motivasiya tədbirlərini özündə ehtiva edən mədəni istirahət proqramı təşkil olunmuşdur.
Tədbirin açılışında Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov dövlət vergi orqanlarının əməkdaşlarını salamlayaraq, onları Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun qəhrəmanlığı sayəsində erməni işğalçıları üzərində qazanılmış şanlı qələbə münasibəti ilə təbrik etmiş, bu tarixi hadisənin hər kəsdə yüksək əhval-ruhiyyə yaratdığını qeyd etmiş, əməkdaşlara bundan sonra da xidməti fəaliyyətlərinin icrasına məsuliyyətlə yanaşmalarını və bol uğur qazanmalarını arzu etmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımov “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müasir vəziyyəti”, tanınmış təlimçi və biznes konsultant Fəxri Ağayev isə “Stresin idarə olunması” mövzularında çıxışlar etmişlər.
Tədbir çərçivəsində iştirakçıların ölkəmizin qədim yaşayış məntəqələrindən biri olan Şamaxı rayonunun Dəmirçi kəndinə turist səfəri təşkil olunmuşdur. Onlar Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi emalatxanası və tikintisi 755-ci ilə aid olan tarixi əhəmiyyətli dini ocağ “Dəmiçi Məscidi” ilə tanış olmuşlar. Əməkdaşların həmçinin Şamaxı Astrofizika Rəsədxanasına səfəri təşkil olunmuşdur.
Tədbir boyu COVİD-19 virusuna qarşı mövcud bütün mübarizə tədbirləri nəzərə alınmış, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili üçün, şahmat, nərd, dama və stolüstü tennis oyunları üzrə yarışlar təşkil olunmuşdur. Turnirlərin qaliblərinə Tədris Mərkəzinin rəhbərliyi tərəfindən sertifikat və hədiyyələr təqdim edilmişdir.
Sonda tədbirin anonim qiymətləndirilməsi keçirilmişdir. İştirakçılar anket sorğusunda bu növ tədbirlərin onlara pozitiv enerji verdiyini, yeni biliklər əldə etdiklərini, tədbirin qrafikindən və keçirilən intellektual və əyləncəli oyunlardan razı qaldıqlarını, bunların xidməti vəzifələrinin icrasına daha yüksək məsuliyyətlə yanaşmalarına əlavə stimul verdiyini, dövlət vergi orqanlarının müxtəlif strukturlarında çalışan əməkdaşların bir-birini dərindən tanıya bilmələrinə fürsət verdiyini və bu tədbirlərin gələcəkdə də keçirilməsini istədiklərini qeyd etmişlər.
Dövlət vergi orqanlarının əməkdaşları onlar üçün yaradılmış bu imkan və şəraitə görə Dövlət Vergi Xidmətinin, o cümlədən Tədris Mərkəzinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, bu tədbirlərin onlarda işə daha məsuliyyətli və intizamlı yanaşmaya stimul yaratdığını qeyd etmişlər.