XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Bankı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlığa başlayıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli imzalayıb.

Memorandumun əsas məqsədi Bankın sahibkar müştərilərinin iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsidir. Müxtəlif aktual mövzular üzrə birgə elmi tədqiqatların, məlumat mübadiləsinin aparılması, tədbirlərin, innovativ layihələrin həyata keçirilməsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü mövcud imkanlardan birgə istifadə də sənədin məqsədlərinə daxildir.

Birgə əməkdaşlıq çərçivəsində tədris, təlim materiallarının qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Əməkdaşların fəaliyyət istiqamətləri üzrə zəruri peşə və ixtisaslar üzrə nəzəri bilik və praktiki bacarıqlarının inkişafı üçün əhəmiyyət kəsb edən sahələr üzrə təlimlər təşkil olunacaq. Bankın yaratdığı və iş adamlarının işgüzar əməkdaşlıq platforması olan Sahibkarlar Klubunun üzvləri üçün vergi sahəsində müxtəlif təlimlər elmi-praktik konfranslar, seminar, dəyirmi masa və digər tədbirlər keçiriləcək, tədris-metodiki vəsaitlər hazırlanacaq.