Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təlimçi bazasının formalaşdırlması üçün intensiv tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 2020-ci ildə dövlət vergi orqanlarında daxili təlimçi bazasının formalaşdırılması məqsədilə İnsan resursları baş idarəsi ilə birlikdə əməkdaşlar arasında müsahibə təşkil olunmuş və ilkin seçim aparılaraq təlimçi-vəzifəli şəxslər müəyyən edilmişdir.
Belə ki, keçiriləcək təlimlərin səmərəliyinin daha da artırılması məqsədilə Tədris Mərkəzi tərəfindən Dövlət Vergi Xidmətinin təlimçi-vəzifəli şəxsləri və Mərkəzin əməkdaşları üçün kənardan cəlb edilmiş mütəxəssislərin iştirakı ilə 3-4 və 10-11 aprel 2021-ci il tarixlərdə Mərkəzin Şamaxıda yerləşən inzibati binasında və 19 aprel Bakı şəhərində 4 sessiyadan ibarət “Təlimçilərin təlimi” mövzusunda təlim keçirilmişdir. Qeyd olunan sessiyalarda təqdimat bacarığı və vətəndaşlarla ünsiyyət, tapşırıqların icrası və ünsiyyət səriştələri ilə bağlı məsələlər müzakirə edilmiş və korporativ oyunlar keçirilmişdir.
27 aprel tarixində Bakıda “Universitas İnternational” şirkətinin təlimçisi Anar Məmmədov tərəfindən təlimi müvəffəqiyyətlə bitirən təlimçi-vəzifəli məsul şəxslər diplomlarla təltif edilmişdir. Diplomların təqdim olunması mərasimində Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev açılış nitqi ilə çıxış etmiş, təlimçiləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.