XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Beynəlxalq Bankı əməkdaşlığa başlamışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Mərkəz rəhbərliyi və Bankın bir sıra departament rəhbərləri arasında ilkin görüş keçirilmiş və görüşdə əməkdaşlığın genişləndirilməsi ilə bağı ikitərəfli niyət ifadə edilmişdir.

Daha sonra 1 aprel tarixində Dövlət Vergi Xidmətininin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov və Azərbaycan Beynəlxalq Bankın Marketinq Departamentinin Korporativ Kommunikasiyalar şöbəsinin baş mütəxəssisi Könül Hilal arasında görüş keçirilmişdir. Görüş zamanı K.Hilal Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi sosial layihələr barədə məlumat vermiş və bu layihələr çərçivəsində Bankın dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq çap edilən Massaçusetst Texnologiya İnstitutunun professoru Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabının bir neçə nüsxəsini Tədris Mərkəzinin kitabxanasına hədiyyə edilmişdir. Kitab Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.

Daha sonra Mərkəzin rəhbərliyi ilə Bankın nümayəndələri arasında Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılan “Sahibkarlar klubu”–na üzv olan kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə vergi və mühasibatlıq sahəsi üzrə bilik və bacarıqlarının formalaşdırılması, vergi savadlığının inkişaf etdirilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən maarifləndirici dəstəyin göstərilməsi məsələsi müzakirə edilmişdir.

Görüş zamanı sahibkarlara göstəriləcək dəstəyin formatı və metodları qarşılıqlı müzakirə edilmişdir.