Təlimçilərin təlimi hər hansı bir sahə üzrə bilik və bacarıqlara malik olan şəxsin təlimçi kimi formalaşdırılması üçün keçirilən təlim moduludur. Həmin təlimlər zamanı sahə üzrə mütəxəssislərə malik olduğu məlumat, bilik və bacarığı auditoriyaya çatdırmaq metodları və bacarıqları aşılanır.
Dövlət vergi orqanlarında daxili təlimçi bazasının formalaşdırlması üçün intensiv tədbirlər həyata keçirilir. Belə ki, 2020-ci ildə dövlət vergi orqanlarında daxili təlimçi bazasının formalaşdırılması məqsədilə vergi orqanı əməkdaşları arasında müsahibə təşkil olunaraq ilkin seçim aparılmış və Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə dövlət vergi orqanlarında təlim-tədris proseslərinin təşkili istiqamətində aparılan praktiki yönümlü işlərin həyata keçirilməsi üçün təlimçi-vəzifəli şəxslər müəyyən edilmiş, prosesin başlanğıcı kimi həmin şəxslər Tədris Mərkəzinin müvafiq şöbələrinə təhkim olunmuş və təlimçi mütəxəssislərin iştirakı ilə onlarla görüşlər keçirilmişdir.
Keçiriləcək təlimlərin səmərəliyinin daha da artırılması məqsədilə Tədris Mərkəzi tərəfindən Dövlət Vergi Xidmətinin təlimçi-vəzifəli şəxsləri və Mərkəzin əməkdaşları üçün kənardan cəlb edilmiş mütəxəssislərin iştirakı ilə 3-4 aprel 2021-ci il tarixlərdə Mərkəzin Şamaxı rayonunda yerləşən inzibati binasında “Təlimçilərin təlimi” mövzusunda təlim keçirilmişdir.
Təlimdə təlimçi qismində “Universitas İnternational” şirkətinin əməkdaşı və peşakar təlimçi Anar Məmmədov çıxış etmişdir.
Təlim 4 sessiyada baş tutmuşdur. Belə ki, bu sessiyalarda təqdimat bacarığı və vətəndaşlarla ünsiyyət, tapşırıqların icrası və ünsiyyət səriştələri ilə bağlı məsələlər müzakirə edilmiş və korporativ oyunlar keçirilmişdir. Təlimin sonunda iştirakçılıar təlimin ilk mərhələsində təlimçiliklə bağlı bir sıra məsələləri öyrəndiklərini bildirmişlər.
Layihənin sonunda təlimçilərin auditoriya ilə peşəkar ünsiyyətin qurulması, təqdimat və təlim zamanı vaxt rejminə düzgün əməl edilməsi bacarıqlarının inkişaf etdirilməsi gözlənilir.
Təlimlərin ikinci mərhələsinin 10-11 aprel 2021-ci il tarixlərdə Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında, 17 aprel və 24 aprel tarixlərdə Bakı şəhərində davam etdirilməsi nəzərdə tutulur.