XƏBƏRLƏR

DVX-nin Tədris Mərkəzində antikorrupsiya strategiyası mövzusu üzrə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində son illərdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə daha ciddi və kəskin xarakter almışdır. Dövlət başçısı bu neqativ sosial təzahür ilə bütün üsullardan istifadə edilməklə, o cümlədən inzibati tədbirlər, yəni cəmiyyətdə və dövlətdə tutmuş olduğu mövqeyindən asılı olmayaraq, korrupsiyaya yol vermiş hər bir şəxsin məsuliyyətə cəlb olunub ciddi şəkildə cəzalandırılması, eyni zamanda, islahatların sistemli, institusional aparılması və ədalətli məhkəmə sisteminin təmin edilməsi yolu ilə mübarizənin aparılmasının vacibliyini qeyd etmişdir.

Dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həmçinin müvafiq sahə üzrə hüquqi təbliğat materiallarının hazırlanması, təlim və treninqlərin keçirilməsinə xüsusi diqqət yetirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrdə DVX-nin Tədris Mərkəzi korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilmişdir. Ona görə də korrupsiyaya qarşı mübarizə mövzusu Tədris Mərkəzinin ümumi təlim prosesinə, elmi, araşdırmaların predmetinə  daxil edilmişdir.

Tədris Mərkəzində həmçinin vaxtaşırı olaraq dövlət vergi orqanlarının aidiyyəti strukturlarının iştirakı ilə birlikdə bu sahədə bilik tutumlu müxtəlif tədbirlər (dəyirmi masa, seminar və s.) keçirilir. Belə tədbirlərdən biri 16 mart 2021-ci il tarixdə DVX-nin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə videoformat şəklində “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov keçmiş Sovetlər İttifaqında xalqımızın ümummilli lideri Heydər Əliyevin korrupsiyaya qarşı mübarizədə möhkəm siyasi iradə sərgilədiyini, sonradan bu siyasəti müstəqil Azərbaycanda davam etdirdiyini göstərmiş, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi institusional tədbirlər və islahatlar barədə məlumat vermişdir. 

Tədbirdə əsas məruzəçi qismində Açıq hökumətin təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti – Dialoq   Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin  koordinatoru, “Konstitusiya Araşdırmaları Fondu”nun Prezidenti Əliməmməd Nuriyev çıxış etmişdir. O, çıxışında antikorrupsiya strategiyasının əsas istiqamətləri, bu sahədə yeni fəaliyyət planı, dövlət orqanlarında, o  cümlədən vergi xidmətində risk qiymətləndirilməsinin aparılması, bu kontekstdə, ilk növbədə, Vergi Məcəlləsinin qiymətləndirilməsi, nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması üçün müstəqil qiymətləndirmənin aparılması, ictimai iştirakçılığın genişləndirilməsi və gücləndirilməsi, rəqabət məcəlləsinin, maraqların toqquşması və digər xüsusatlar üzrə müvafiq qanunvericilik aktlarının qəbul edilməsinin, bəzi qanunvericilik aktları üzrə isə (məsələn, gəlir deklarasiyası ilə bağlı) təkmilləşdirmə işlərinin aparılmasının zəruriliyi, dövlət satınalmaları sahəsində şəffaflığın yaradılması, dövlət orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı yaradılmış komissiyalarda (şuralarda) vətəndaş cəmiyyəti və media nümayəndələrinin təmsil olunması və s. vacib məsələlər haqqında ətraflı məlumat vermişdir.

DVX-nin İnsan resursları baş idarəsinin rəis müavini Toğrul Əhmədov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və ondan irəli gələn Fəaliyyət Planı” mövzusu üzrə təqdimat etmişdir. O, çıxışında “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Vergi Xidmətinin fəaliyyətində praktiki tətbiqi məsələlərinə toxunmuş, Milli Strategiyada dövlət orqanlarının fəaliyyəti ilə bağlı nəzərdə tutulan istiqamət və tövsiyələr, Milli Fəaliyyət Planından irəli gələn tədbirlər,  o cümlədən,  DVX-də korrupsiya risklərinin qiymətləndirilməsi, vergi orqanı əməkdaşları üçün elektron təlim kurslarının hazırlanması və etik davranış və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə  işlərinin aparılmasının əhəmiyyəti barədə məlumat vermişdir.

DVX-nin Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov çıxışında dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirlərinin daima Xidmətin rəhbərliyinin diqqətində olduğunu, bu sahədə daxil olan müraciətlərin ətraflı və obyektiv araşdırıldığını, zərurət yarandığı hallarda mübarizə tədbirlərinin müvafiq dövlət orqanları, o cümlədən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə həyata keçirildiyini, inzibati tədbirlərlə yanaşı, korrupsiyaya imkan verən şəraitin məhdudlaşdırılması ilə bağlı qabaqlayıcı və profilaktik tədbirlərin görüldüyünü, vəzifələrinin icrası ilə bağlı vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında yaranan canlı təmasların minimallaşdırılması məqsədilə vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin və göstərilən xidmətlərin elektronlaşdırılması işlərinin davam etdiyini bildirmişdir.

Tədbirdə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən digər dövlət xidmətlərinin vəzifəli şəxsləri də iştirak etmişdir.

Tədbir barədə Azərtac və digər informasiya orqanları müvafiq məlumat yaymışdır.

https://azertag.az/xeber/1735853