XƏBƏRLƏR

Tədris Mərkəzində BDU-da vergi hüququ üzrə ixtisasın yaradılmasına dair müzakirə davam etdirilmişdir

Xəbər verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin təşəbbüsünə dəstək olaraq Bakı Dövlət Universiteti (BDU) ilə əlaqələrin gücləndirilməsi və vergi hüququ sahəsində mütəxəssis hazırlığı üzrə müvafiq işlərin görülməsinə başlanılmışdır. Bu məqsədlə  DVX-nin nümayəndə heyəti ilə BDU-nun rəhbərliyi arasında görüş keçirilmiş, qarşılıqlı əməkdaşlıq imkanları və resursların birləşdirilməsi sayəsində birgə görülməsi mümkün olan işlər müzakirə olunmuş, gələcəkdə dövlət vergi orqanlarında və əmək münasibətləri bazarında vergi sahəsi üzrə ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsindən ötrü müvafiq addımların birgə atılmasına dair razılıq əldə olunmuşdur.

Qeyd olunan istiqamətlər üzrə həyata keçirilməsi zəruri olan tədbirlərin işçi qaydasında müzakirə olunması və müvafiq işlərin görülməsi məqsədi ilə DVX-nin Tədris mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov ilə BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev arasında görüş keçirilmişdir. Əmir Əliyev DVX-nin rəhbərliyinin vergi hüququ üzrə ixtisasın BDU-da yaradılması təşəbbüsünü yüksək qiymətləndirmiş və DVX ilə birgə əməkdaşlıq yolu ilə bu vəzifənin öhdəsindən layqincə gələ bildikərinə əmin olduğunu qeyd etmişdir. Görüşdə həmçinin BDU-da ilkin mərhələdə magistratura pilləsi üzrə vergi hüququ ixtisasının yaradılmasından ötrü zəruri olan tədris-metodik tələbatlar, normativə uyğun dərs yükü, tədris olunmalı fənnlər və bunlara uyğun tədris-metodik vəsaitlər, partnyor təşkilatlar, peşəkar müəllim heyəti, kadr təminatı və s. vacib məsələlər ətrafında geniş müzakirə aparılmış və ilkin mərhələdə həyata keçirilməli əməli tədbirlər razılaşdırılmışdır.

Görüş DVX-nin İnsan resursları baş idarəsinin rəis müavini Nərgiz Muradovanın, DVX-nin Tədris Mərkəzinin rəisinin I müavini Ceyhun Mehdiyevin, Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin iştirakı ilə qarşılıqlı fikir mübadiləsi şəraitində keçmişdir.