Dövlət Vergi Xidmətinin müvafiq əmri əsasında vergi orqanları əməkdaşlarının beynəlxalq maliyyə və mühasibat uçotu sahəsində bilik və peşə hazırlığının artırılması məqsədilə “Maliyyə uçotu” mövzusunda, koronavirus (COVİD-19) xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar distant (məsafədən) təhsilalma forması tətbiq edilməklə ("Zoom" proqram təminatı vasitəsi ilə), təlim təşkil edilmişdir. Təlimin 17 fevral 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək, həftədə iki gün, iş saatlarından sonra keçirilməsi planlaşdırılmışdır. Təlimçi qismində Gənc Mühasiblər İctimai Birliyinin eksperti, ACCA və mühasibat uçotu üzrə mütəxəssis, tam ACCA üzvü, bütün ACCA modulları üzrə akkreditasiya olunmuş, audit və təminat, maliyyə hesabatı, mühasibat, maliyyə məsləhətləri və məlumat elmləri təcrübəsi olan, maliyyə və məlumat mütəxəssisi, məlumat analizi üzrə beynəlxalq layihələrdə və audit və zəmanət nişanları, uyğunluq, maliyyə mühasibatı, idarəetmə mühasibatı, maliyyə hesabatı, qiymətləndirmə və milli qanunvericilik, habelə vergilər üzrə bir sıra layihələrdə çalışan Simnar Paşazadə cəlb edilmişdir.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov təlimi giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İ.Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun qəhrəmanlığı sayasində erməni işğalçıları üzərində qazanılmış qələbənin əhəmiyyətindən, bu tarixi hadisənin hər kəsdə yüksək əhval-ruhiyyə yaratmasından, eyni zamanda, dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşlmasından, bu baxımdan keçirilən təlimin vergi orqanları əməkdaşları üçün mövcud faydalarından bəhs etmişdir. Daha sonra Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, Vergi Auditi baş idarəsinin müavini Elşən Abdulbağıyev və Gənc Mühasiblər birliyinin sədri Solmaz Əliyeva çıxış edərək təlim iştirakçılarına uğurlar arzulamış, təlimin səyyar və kameral vergi yoxlaması həyata keçirən vergi orqanı əməkdaşlarının beynəlxalq maliyyə və mühasibat uçotu sahəsində yeni biliklər əldə etmək imkanı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişlər.
Təlimə zoom platforması vasitəsilə dövlət vergi orqanlarının 210 nəfər əməkdaşı qatılmışdır.