XƏBƏRLƏR

DVX-nin Tədris Mərkəzinin mütəxəssislərinin beynəlxalq ekspertlər ilə birlikdə kölgə iqtisadiyyatına qarşı mübarizə mövzusunda hazırladıqları monoqrafiya işıq üzü görmüşdür

Azərbaycan Respublikasının iqtisadi sahədə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri kölgə iqtisadiyyatı ilə mübarizədə uğurlu nəticələrə nail olunmasıdır. Dövlətimiz tərəfindən bu sahədə kompleks və institusional xarakterli müxtəıif tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab M.Cabbarovun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 13 fevral 2018-ci il və 18 fevral 2019-cu il tarixlərdə müvafiq dövlət qurumlarının, xarici təşkilatların, ictimai birliklərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin, sahibkarların, habelə beynəlxalq ekspertlərin iştirakı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, bəhs edilən mövzunun kifayət qədər aktual olduğunu nəzərə alaraq, bu sahədə görülən ümumi işdə iştirak etmək məqsədi ilə konfransa dəvət olunmuş beynəlxalq ekspert və mütəxəssis alimlər, o cümlədən Rusiya Federasiyası “İqtisadiyyat, İdarəetmə və Sahibkarlıq Ali Məktəbi” Elmi-tədqiqat İnstitutunun direktoru, “Теневая экономика” elmi-praktik jurnalının baş redaktoru, BMT-nin gizli iqtisadiyyat və kiçik sahibkarlıq məsələləri üzrə eksperti, iqtisad elmləri doktoru Vitaliy Yuryeviç Burov ilə əməkdaşlıq formatında birgə tədbirlərin həyata keşirilməsinə dair razılığa gəlmişdir.

DVX-in Tədris Mərkəzi 9 iyul 2020-ci il tarixdə Zabaykal Dövlət Universitetinin İqtisadiyyat, İdarəetmə və Sahibkarlıq Ali Məktəbi ilə birlikdə onlayn rejimdə Rusiya, Çin, Tayland və Özbəkistanı təmsil edən tədqiqatçıların qoşulduğu “Cəmiyyət yeni çağırışlar şəraitində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirmişdir. Bu günlərdə isə Zabaykal Dövlət Universitetinin nəşriyyatında DVX-in Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovun və həmin Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin, Vitaliy Burov və digər xarici ölkə alimlərin həmmüəllifliyi ilə “Противодействие теневой экономике и определение ее масштабов: отечественный и зарубежный опыт (теория и практика) (Countering the Shadow Economy and Detemining its Scale: National and Foreign Experience (the Theory and Practice)” adlı monoqrafiya işıq üzü görmüşdür. 

Birgə layihənin məhsulu olan əsərdə gizli iqtisadiyyatın tədqiqinin nəzəri və metodoloji məsələləri işıqlandırılmış, gizli iqtisadiyyatın miqyasının müəyyən edilməsinin metodları nəzərdən keçirilmiş, bu neqativ hadisə ilə mübarizəyə dair elmi yanaşmalar təhlil edilmiş, praktiki nümunə kimi bəzi ölkələrdə gizli iqtisadiyyatın miqyas göstəriciləri  öz əksini tapmışdır. İngilis dilində xülasələri olan monoqrafya istifadə olunması məqsədi ilə Zabaykal Dövlət Universiteti tərəfindən Rusiya Federasiyasi ilə yanaşı, MDB-nin bir sıra dövlətlərinə, o cümlədən Çin Xalq Respublikası, Sinqapur dövlətlərinin təhsil müəssisələrinə təqdim olunmuşdur.