XƏBƏRLƏR

Qadınların əmək münasibətləri sahəsində hüquqlarının müdafiəsi ilə bağlı elmi əsər nəşr edilib

Tədris Mərkəzinin rəisinin birinci müavini, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının doktorantı Ceyhun Mehdiyevin Azərbaycan Respublikası Ədliyə Nazirliyinin “Qanun” elmi-hüquqi jurnalının 07 (309), 2020-ci il tarixli sayında “Qadınların əmək münasibətləri sahəsində hüquqlarının müdafiəsinin tarixi inkişafı” mövzusunda elmi məqaləsi nəşr olunub.

Məqalədə insan hüquq və azadlıqlarının bir ümumbəşəri dəyər kimi formalaşmasının tarixi inkişaf yolu göstərilib, müasir dövrdə insan hüquqlarının cəmiyyətin inkişafının əsas amillərindən biri olmaqla, dövlət hakimiyyəti, eləcə də vətəndaş cəmiyyətinə münasibətdə başlıca indikator rolu qeyd olunub.

Əmək münasibətləri sahəsində qadın hüquqlarının inkişafı məsələlərinə toxunarkən müəllif qeyd edir ki, qadınlar tarixin bütün dövrlərində indiki kimi güclü sosial və əmək hüquqlarına malik olmamışlar. Onların əmək münasibətləri sahəsində hüquqları mərhələli şəkildə inkişaf etmişdir. Qadınların kişilərlə bərabər və ədalətli əmək hüququ uğrunda mübarizəsi 19-cu əsrdən etibarən vüsət almağa başlamışdır.

Müəllif məqalədə xronoloji ardıcıllıqla qadınların əmək münasibətləri sahəsində hüquqları uğrunda mübarizəsinin və müdafiəsinin tarixi inkişaf mərhələlərini göstərib və insan hüquqlarının müdafiəsi sahəsində yeni eranın başlandığını və qadın hüquqları ilə də bağlı mühüm konvensiyaların qəbul edildiyini qeyd edib.

Məqalədə Azərbaycan Respublikasının Konstitusiyasından, bu istiqamətdə qəbul edilmiş normativ-hüquqi aktlardan və Azərbaycan alimlərinin elmi əsərlərindən istifadə edilib.