XƏBƏRLƏR

Ermənistan işğalçılıq siyasətinə son qoymalı, torpaqlarımızı qeyd-şərtsiz azad etməlidir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Tədris Mərkəzinin rəis müavini, Mərkəzin rəisi vəzifəsinin müvəqqəti icraçısı hüquq üzrə elmlər doktoru Mirəli Kazımovun “Xalq” qəzetinin  11 Oktyabr 2020 tarixli nəşrində məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, beynəlxalq hüquq müharibələrin aparılmasını qadağan etsə də, respublikamız uzun müddətdir ki, üzdəniraq qonşu dövlət olan Ermənistanın bu mənfur siyasətindən əziyyət çəkir. Ermənistan Respublikası 1949-cu il Cenevrə konvensiyalarının və onlara əlavə olan 1977-ci il protokollarının tələblərini kobud şəkildə pozaraq, 1988-ci ildən başlayaraq ölkəmizə qarşı elan edilməmiş təcavüzkar müharibə aparır. Nəticədə, ölkə ərazisinin 20 faizi, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu təcavüz xalqımızın ölçüyəgəlməz dərəcədə mənəvi əzablara məruz qalması, beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, dinc əhalimizin kütləvi şəkildə öldürülməsi, əsir götürülməsi, vətəndaşlarımıza dəhşətli işgəncələrin verilməsi ilə müşayiət olunmuş, respublikamızın iqtisadiyyatına, infrastruktur obyektlərinə çox böyük zərər vurulmuşdur.

Bu ilin iyul ayının 12- də Ermənistan ordusu münaqişə regionundan çox uzaqda olan Tovuz rayonuna hücum edərək, hərbi qulluqçularımızı və mülki sakinlərimizi öldürmüş, avqustun 23-də isə ərazimizdə terror aktları törətmək üçün diversiya qrupu göndərmiş, lakin həmin qrupun başçısı Azərbaycan tərəfindən yaxalanmışdır. Bundan başqa, azərbaycanlıların hisslərini təhqir etmək üçün qədim şəhərimiz Şuşada qondarma “Dağlıq Qara­bağ lideri”nin qondarma “andiçmə” mərasimi təşkil edilmiş, qondarma “Dağlıq Qarabağın parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi qərara alınmışdır.

Məqalədə sentyabr ayının 27-dən Ermənistan ordusunun beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, bir neçə istiqamətdən Azərbaycan Respubli­kasının dinc yaşayış məntəqələrinə və hərbi mövqelərinə hücumu qeyd edilmiş və törədilmiş təxribat hadisəsinin fəsadları göstərilmişdir.

Ermənistan Respublikasının silahlı qüvvələrinin həyata keçirdiyi belə əməllər həm milli qanunverici­liyi, həm də beynəlxalq hüquq ba­xımından sülh və insanlıq əleyhinə olan cinayətlər hesab edilmiş və Azərbaycan Respublikasının Baş Prokurorlugu tərəfindən müharibə gedən zonada çevik şəkildə, maddi və proses­sual qanunvericiliyin tələblərinə tam uyğun olaraq faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işinin başlandığı və istintaq işinin aparıldığı qeyd olunub.

Qeyd olunur ki, BMT Nizamnaməsinin 39-cu maddəsinə görə, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şu­rasının müstəsna səlahiyyətinə aiddir. Bu, Azərbaycan Respubli­kasının BMT Təhlükəsizlik Şurası qarşısında Ermənistanın qeyd edilən əməllərinin təcavüz aktı kimi müəyyən edilməsi barədə məsələ qaldırmasını vacib edir. Bu baxım­dan son günlərdə Azərbaycanın dövlət hakimiyyət orqanlarının təcavüz aktı ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq istiqamətində sərgilədiyi mövqe diqqətəlayiqdir. Azərbaycan Respublikasının Milli Məclisi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Ombudsmanı və digərləri bəyanat verərək, beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü, azərbaycanlı mülki şəxsləri və infrastrukturu atəşə tutmasını kəskin qınamağa və bir daha Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz əzəli tor­pağı olan Qarabağın erməni işğalı altında qalması ilə heç bir zaman razılaşmayacaq. Azərbaycan xalqı milli ordumuzun rəşadəti sayəsində qələbəyə tam əmindir və bütün gücü ilə Silahlı Qüvvələrimizin və Ali Baş Komandanın yanındadır. “Qarabağ Ermənistandır, nöqtə” deyənlər çox qısa zaman ərzində bu ifadəyə görə peşiman olub, “Qa­rabağ Azərbaycandır, nida işarəsi” hökmünü qəbul etməyə məcbur olacaqlar.

link: http://xalqqazeti.com/az/news/59435