Azərbaycan Respublikası Prezidentinin «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanunun tətbiq edilməsi barədə» 4 aprel 2002-ci il tarixli fərmanına əsasən, bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, vergi qanunvericiliyinə düzgün riayət olunmasında metodiki rəhbərliyin həyata keçirilməsi Vergilər Nazirliyinə həvalə edilmişdir.
Bələdiyyə Vergi İnformasiya Sistemində (BVİS) yeni uçotun yaradılması ilə əlaqədar olaraq Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı metodiki vəsaitlər təsdiq edilmişdir.
BVİS proqram təminatının istifadəçilərinin bu proqram təminatından istifadə ilə bağlı biliklərinin artırılması və bu sahədə qarşılaşdıqları problemlərin həlli məqsədilə vergilər nazirinin müvafiq əmri ilə respublika bələdiyyələrin nümayəndələri üçün 4-5 iyul 2016-cı il tarixlərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin hesablanması və ödənilməsi. Bələdiyyələrin Vergi İnformasiya Sistemində iş prosedurları” mövzusunda 2 günlük təlim keçirilmişdir. Təlimdə 60 bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Təlimdə yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu, habelə yerli (bələdiyyə) vergi və ödənişlərin elektron uçotu ilə əlaqədar mövzular araşdırılmış, “Yerli vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu”nun müddəaları, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisinin, fiziki şəxslərin əmlak və torpaq vergilərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hesablanması və ödənilməsi qaydaları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılmış və qeyd olunan məsələlər müzakirə edilmişdir.
Təlimdə həmçinin, BVİS-nin altsistemləri və onların xüsusiyyətləri, BVİS-də yerli verginin ödəyicisi olan fiziki şəxslərin uçota alınması, BVİS-də qeydiyyata alınmış yerli (bələdiyyə) verginin ödəyicilərinə yerli (bələdiyyə) vergilərinin hesablanması və tədiyyə bildirişlərinin elektron qaydada hazırlanması və yerli (bələdiyyə) vergiləri üzrə daxilolmaların BVİS-ə işlənməsi prosedurları bələdiyyə nümayəndələrinin diqqətinə çatdırılmış və bu istiqamətdə geniş və səmərəli müzakirələr aparılmışdır.