XƏBƏRLƏR

Dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün “Peşə fəaliyyətinin ümumi əsasları” təlim blokunun növbəti təlimi başlamışdır

Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun olaraq dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş əməkdaşlar üçün 23 iyun 2016-cı il tarixdən Tədris Mərkəzində “Peşə fəaliyyətinin ümumi əsasları” təlim blokunun növbəti təlimi başlamışdır. Təlim 13 iyul 2016-cı il tarixədək davam edəcək.

Təlim 4 təlim modulundan ibarət olmaqla təşkil edilir. Birinci modul “Vergi qanunvericiliyinin ümumi əsasları”nı, ikinci modul “Peşə fəaliyyətinin sahə xüsusiyyətləri”ni, üçüncü modul “Peşə fəaliyyətinin ümumi mövzuları”nı, dördüncü modul isə “Mühasibat uçotunun əsasları”nı təşkil edir.

“Peşə fəaliyyətinin sahə xüsusiyyətləri” modulu vasitəsilə stajçı əməkdaşlar vergi auditinin həyata keçirilməsi, operativ vergi nəzarətinin aparılması, dövlət vergi orqanlarında kargüzarlıq işlərinin aparılması və vətəndaş müraciətlərinə baxılması, vergi ödəyicilərinə xidmət işinin təşkili, vergi borclarının alınması işlərinin təşkili, kameral vergi yoxlamaları və risklərin təhlili işinin təşkili, vergi ödəyicilərinin qeydiyyat və vergi uçotu işlərinin təşkili və hüquqi biliklərin əsasları istiqamətləri üzrə nəzəri bilikləri mənimsəyəcəklər.

Əsas yenilik ondan ibarətdir ki, hər bir dinləyici, özünün maraq dairəsi çərçivəsində sərbəst mövzu seçəcək və auditoriya qarşısında təqdim edəcəkdir.