XƏBƏRLƏR

İslahatların əsas məqsədi sahibkarlığın şəffaflaşmasını təşviq etməkdir

Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Sahibkarlığın inkişafında vergi siyasəti: xarici təcrübə və Azərbaycan nümunəsi" mövzusunda keçirilmiş "dəyirmi masa"da iştirak edib. Tədbirin moderatoru, UNEC-in "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" Departamentinin direktoru, professor Zahid Məmmədov sahibkarlığın inkişafında vergi siyasətinin mühüm rolundan bəhs edib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, xüsusilə vergi sahəsində yenuliklərdən danışıb. Zahid Məmmədov bildirib ki, son illər Azərbaycanda iqtisadiyyatın bütün sahələrində, xüsusilə vergi siyasətində köklü dəyişiklikləri müşahidə etmək mümkündür və bu yeniliklər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkəmizdə vergi fəlsəfəsinin kökündən dəyişikliklərə məruz qaldığını bildirən departament rəhbərinin fikrincə, müasir dövrün tələblərinə uyğunlaşmanın mərkəzində Azərbaycan vətəndaşı, Azərbaycan sahibkarı və onun rifahı dayanır.

"Dəyirmi masa"da Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi, vergi üzrə mütəxəssis İlya Sokolov çıxış edərək bildirib ki, bazar iştirakçıları üçün həm uzaqgörənlik, həm şəffaflıq, həm də vergi daxilolmalarının balanslaşdırılması vacibdir. O, biznesin və biznes istehlakçılarının tələblərinin ödənilməsini də əsas məsələlərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, əsas məsələ tərəflər arasında vergi siyasətini xarakterizə edəcək dialoqun qurulmasıdır: "Vergilər təkcə fiskal siyasətdən ibarət olmamalıdır, həmçinin tənzimləyici funksiya daşımalıdır".

İ.Sokolov təmsil etdiyi institutun Rusiyada "kölgə iqtisadiyyatı"nın həcminin əhəmiyyətli dərəcədə mövcud olduğu alkoqollu içkilər bazarı və burada tətbiq edilən vergilərin istehlakçılara təsirləri barədə araşdırma apardığını deyib.