XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə növbəti təlim başa çatıb

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” üzrə təlim kurslarının təşkili və keçirilməsi ilə əlaqədar Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında 28 oktyabr 2019-cu il tarixdən 20 dekabr 2019-cu il tarixədək olan müddətdə dövlət vergi orqanlarına müsabiqə ilə işə qəbul edilmiş stajçı əməkdaşlar üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə ilkin peşə hazırlığı təlimi təşkil edilib.

Təlimə vergi auditi, bəyannamələrin kameral yoxlanılması, iqtisadi təhlil, vergi borclarının alınması, idxal-ixrac əməliyyatları üzrə birgə nəzarət və sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması sahələrində fəaliyyət göstərən 16 nəfər əməkdaş cəlb edilib.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, ümumiqtisadi mövzular, mühasibat uçotu, idarəetmə və maliyyə savadlılığının artırılması, “Microsoft Office” proqramları, vergi orqanlarında xidmətkeçmə, AVİS-in müvafiq alt sistemindən istifadə qaydaları, Mərkəzi Aparatın və Vergilər Nazirliyinin baş idarələrinin iş prinsipləri, funksional sahələri barədə məlumatlandırma xarakterli mövzular, əməkdaşların funksional (ixtisas) fəaliyyət istiqamətləri üzrə vergi inzibatçılığının tətbiqinin spesifik xüsusiyyətləri ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə ümumilikdə, 254 tədris saatı ayrılıb. Bunun 146 saatı (57,5%) Tədris Mərkəzinin əməkdaşları, 94 saatı (37%) Vergilər Nazirliyinin və aidiyyəti strukturların əməkdaşları tərəfindən və 14 saat (5,5%) isə kənar mütəxəssislər tərəfindən tədris edilib.

Təlim dövründə sosial-mədəni tədbirlər çərçivəsində idman yarışları, ağacəkmə aksiyası keçirilib, təlimin dinləyicilərinə vergilərə və Azərbaycan tarixinə dair filmlər nümayiş etdirilib.

19 dekabr 2019-cu il tarixdə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlərə cəlb edilmiş əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı keçirilib. Təqdimatda 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi Mansurov Elşən Bayram oğlu və Vergilər Nazirliyinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinin İdxal və ixrac əməliyyatlarına nəzarət idarəsinin Ərazi qurumları üzrə iş şöbəsinin Dəmir yolu nəqliyyatı üzrə bölməsinin dövlət vergi müfəttişi Kazımov Şahin Həsən oğlu sərbəst mövzu təqdimatı zamanı xüsusilə fərqləniblər, onların gələcəkdə təlimçi kimi tədris prosesinə və tədqiqat işlərinin aparılmasına cəlb edilməsi məqsədəmüvafiq hesab edilərək adları aidiyyəti üzrə İnsan resursları baş idarəsinə təqdim edilib.

Kursun yekunu üzrə, 20 dekabr 2019-cu il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə qiymətləndirmə keçirilib. Qiymətləndirmə prosesində iştirak etmiş 16 nəfər stajçı əməkdaşlardan 2 nəfəri “əla” (91% və daha yuxarı – 12,5%), 9 nəfəri “yaxşı” (81–90% - 56,3%), 5 nəfəri “kafi” (70–80% - 31,2%) qiymət alıb.

Ən yüksək nəticəni (97%) 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin dövlət vergi müfəttişi Ələkbərov Turqay Azər oğlu əldə edib.

Stajçı dinləyicilər arasında 14 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin dövlət vergi müfəttişi Məmmədov Məmməd Nurəddin oğlunun ilkin sınaq qiymətləndirməsi ilə (54%) yekun qiymətləndirilməsi (85%) arasındakı artım fərqi +31 bənd olub.

Qrupun ilkin sınaq qiymətləndirməsi üzrə orta nəticəsi 64,1%, yekun qiymətləndirmə üzrə orta nəticələri 83,8%, ümumilikdə artım fərqi +19,7 bənd olub.

Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəis müavini Rzayev Anar Akif oğluSənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması (Katiblik) baş idarəsinin İcraya nəzarət şöbəsinin rəisi Ağayev Eltac Arif oğlu təlim zamanı yüksək peşəkarlıq nümayiş etdirərək dinləyicilərin məmnunluğunu qazanıblar.

İmtahanın nəticələri protokollaşdırılıb.