XƏBƏRLƏR

“Kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi” mövzusunda təlim keçirilib

06.12.2019-cu il tarixdə Tədris Mərkəzinin Bakıda yerləşən inzibati binasında dövlət vergi orqanlarında çalışan əməkdaşlar üçün “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin Dövlət qeydiyyatı baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin baş hüquqşünası Hüseynova Lalə Firuz qızı iştirak edib.

Təlimdə kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi prosesində Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olaraq qəbul edilmiş normativ aktların tələbləri barədə dinləyicilərə ətraflı məlumat verilib.

Hüquqi şəxslərin ləğvi zamanı yaranmış problemlər onların həlli qaydası ətrafında geniş müzakirələr aparılıb və təlim iştirakçıların mövzu üzrə sualları ətraflı cavablandırılıb.

Təlimdə həmçinin, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bu hüquqi şəxslərin dövlət qeydiyyatının xüsusiyyətləri,  filial və nümayəndəliklərin dövlət qeydiyyatının xüsusiyyətləri ilə bağlı qanunvericiliyin tələbləri barədə ətraflı müzakirələr aparılıb və suallar cavablandırılıb.