XƏBƏRLƏR

Vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının sertifikatlaşdırılması üçün növbəti onlayn təlimlər başladı

Vergilər Nazirliyinin müvafiq əmri ilə 22 iyun 2016-cı il tarixdən dövlət vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının sertifikasiyasının növbəti təlimlərinə başlanmışdır. Təlimlər “Vergi qanunvericiliyi” (müvafiq fəaliyyət sahələrinə dair müddəalara üstünlük verilməklə) və “Vergi inzibatçılığı” (müvafiq fəaliyyət sahələri üzrə) təlim bloklarından ibarət olmaqla iki mərhələdə aparılacaq.

“Vergi qanunvericiliyi” təlim bloku üzrə təşkil olunan təlimlər Vergilər Nazirliyinin elektron kitabxanasında mövcud olan “onlayn təlim” sistemi vasitəsilə keçirilir. Təlimlərə vergi ödəyicilərinin qeydiyyatı və uçotu sahəsində çalışan 20 əməkdaş, operativ vergi nəzarəti sahəsində çalışan 40 əməkdaş cəlb olunmuşdur. Onlayn təlim 11 iyul 2016-cı il tarixədək davam edəcək.

Təlimin sonunda keçiriləcək imtahandan uğurla keçən əməkdaşlar (nəticələri 70%-dən yüksək olanlar) “Vergi inzibatçılığı” adlı ikinci təlim blokunda iştirak edəcəklər.

Təlimlər Azərbaycan Respublikası vergilər nazirinin əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na və “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun şəkildə keçirilir.