30 sentyabr 2019-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək olan dövr ərzində “Peşə hazırlığının ümumi əsasları” istiqaməti üzrə vergi ödəyicilərinə idxal-ixrac əməliyyatlarına nəzarət, operativ vergi nəzarəti və vergi öhdəliklərinin icrasına nəzarət sahələrində yenicə fəaliyyətə başlamış stajçı əməkdaşlar üçün Tədris Mərkəzinin Bakıda yerləşən inzibati binasında ilkin hazırlıq təlimləri başladı. Təlimlərə 21 nəfər əməkdaş cəlb edilib.
Təlimlərin iki mərhələdə keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə təlimlər Bakı şəhərində (20 iş günü), ikinci mərhələdə isə Şamaxı şəhərində (22 iş günü) keçirilməsi nəzərdə tutulub.
Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, dinləyicilərin funksional fəaliyyət istiqamətləri üzrə vergi inzibatçılığı, AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydaları, iqtisadi biliklər, mühasibat uçotu, hüquqi biliklər, vergi orqanlarında xidmətkeçmə ilə bağlı mövzular, İdarəetmə mövzuları (sağlamlıq və əməyin təhlükəsizliyi, Effektiv zaman idarəetməsi, komanda qurmaq və motivasiya, vətəndaş yönümlü xidmət standartları, stressə davamlılıq və stressin idarə edilməsi, effektiv ünsiyyət və işgüzar yazışma, insan resurslarına aid olan qayda və proseslər), maliyyə savadlılığının artırılması: pul nişanlarımızın mühafizə elementləri, rəqəmsal ödənişlər, informasiya texnologiyaları: “Microsoft Office” proqramları üzrə mövzular tədris ediləcək. İlk dəfə olaraq Vergilər Nazirliyinin və Nazirliyin yanında baş idarələrin iş prinsipləri, funksional sahələri ilə bağlı mühazirələr təqdim ediləcək.
Təlim prosesinə Tədris Mərkəzinin təlimçiləri ilə yanaşı, Vergilər Nazirliyinin Mərkəzi aparatının mütəxəssisləri, Nazirliyin tabeliyində olan strukturların mütəxəssisləri, kənar mütəxəssislər, həmçinin Mərkəzi Bankın əməkdaşları cəlb edilib.
Təlimin sonunda dinləyicilərin maraqları nəzərə alınmaqla sərbəst mövzuların təqdimatı keçiriləcək.
Təlim zamanı sosial-mədəni tədbirlərin, idman tədbirlərinin keçirilməsi, muzeyə səyahət, Azərbaycan tarixinə və vergilərə dair filmlərin nümayişi də nəzərdə tutulur.
Təlimin sonunda dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək, təlimləri uğurla başa vurmuş dinləyicilərə sertifikatlar təqdim ediləcək.