14 avqust 2019-cu il tarixdən 24 oktyabr 2019-cu il tarixədək olan dövr ərzində “Peşə hazırlığının ümumi əsasları” istiqaməti üzrə vergi ödəyicilərinə xidmət, səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti, bəyannamələrin kameral yoxlanılması və iqtisadi təhlil sahələrində yenicə fəaliyyətə başlamış stajçı əməkdaşlar üçün Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında ilkin hazırlıq təlimləri başladı. Təlimlərə 78 nəfər əməkdaş cəlb edilmişdir.
Təlimlərin iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə təlimlər 28 iş günü, ikinci mərhələdə isə 14 iş günü davam edəcək. Mərhələlər arasında dinləyicilər öz iş yerlərində 10 gün praktiki təlimlərə cəlb ediləcək.
Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, dinləyicilərin funksional fəaliyyət istiqamətləri üzrə vergi inzibatçılığı, AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydaları, iqtisadi biliklər, mühasibat uçotu, hüquqi biliklər, vergi orqanlarında xidmətkeçmə ilə bağlı mövzular, İdarəetmə mövzuları (sağlamlıq və əməyin təhlükəsizliyi, Effektiv zaman idarəetməsi, komanda qurmaq və motivasiya, vətəndaş yönümlü xidmət standartları, stressə davamlılıq və stressin idarə edilməsi, effektiv ünsiyyət və işgüzar yazışma, insan resurslarına aid olan qayda və proseslər), maliyyə savadlılığının artırılması: pul nişanlarımızın mühafizə elementləri, rəqəmsal ödənişlər, informasiya texnologiyaları: “Microsoft Office” proqramları üzrə mövzular tədris ediləcək. İlk dəfə olaraq Vergilər Nazirliyinin və Nazirliyin yanında baş idarələrin iş prinsipləri, funksional sahələri ilə bağlı mühazirələr təqdim ediləcək.
Təlim prosesinə Tədris Mərkəzinin təlimçiləri ilə yanaşı, Vergilər Nazirliyinin Mərkəzi aparatının mütəxəssisləri, kənar mütəxəssislər, həmçinin Mərkəzi Bankın əməkdaşları cəlb edilmişlər.
Təlimin sonunda dinləyicilərin maraqları nəzərə alınmaqla sərbəst mövzuların təqdimatı keçiriləcək.
Təlim zamanı sosial-mədəni tədbirlərin, idman tədbirlərinin keçirilməsi, Şamaxı rayon muzeylərinə səyahət, Azərbaycan tarixinə və vergilərə dair filmlərin nümayişi də nəzərdə tutulur.
Təlimin sonunda dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək, təlimləri uğurla başa vurmuş dinləyicilərə sertifikatlar təqdim ediləcək.