XƏBƏRLƏR

Milli Mühasiblər Forumu çərçivəsində keçirilmiş görüşlər barədə

İyun ayının 12-də Bakı Biznes Mərkəzində 100-dən çox şirkəti təmsil edən 250-yə yaxın maliyyə mütəxəssisi və mühasiblərini bir araya gətirən “III Milli Mühasiblər Forumu” keçirilib. Forumda özəl sektorun nümayəndələri ilə yanaşı, tədbirdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin rəhbər vəzifəli şəxsləri də iştirak edib.

Forumdakı çıxışı zamanı Vergilər Nazirliyi qarşısında duran əsas hədəflərin kölgə iqtisadiyyatının həcmini azaltmaq, maksimum şəffaflığa nail olmaq, vergi güzəştlərinin iqtisadi səmərəsini artırmaq, vergi bazasını genişləndirmək, vergi inzibatçılığını ən müasir standartlara uyğun qurmaq, vergi ödəyicilərinin hüquqlarını qorumaq, eyni zamanda, sahibkarlığın inkişafına vergi stimulları vasitəsilə maksimum dəstək verməkdən ibarət olduğunu bildirən Vergilər nazirinin müşaviri Xəqani Abdullayev həmçinin cari ilin ötən ayları ərzində vergi sahəsində əldə olunan nailiyyətlərin statistikası barədə iştirakçılara məlumat verib. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov forum zamanı təşkil olunan plenar iclasda “Vergi islahatlarının nəticələrinin qiymətləndirilməsi” mövzusunda çıxış edib. Çıxış zamanı vergi islahatlarının ölkə iqtisadiyyatına və uçot sisteminə təsirindən danışan Natiq Şirinov, vergi sahəsində islahatların davam etdiriləcəyini vurğulayıb. Eyni zamanda, çıxışın sonunda Natiq Şirinovun iclas iştirakçılarının suallarını dolğun şəkildə cavablandırması iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Milli Mühasiblər Forumunda iştirak edək Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov forum çərçivəsində bir sıra görüşlər keçirmişdir. Keçirilən görüşlər zamanı Mirəli Kazımov ACCA-nin Ukrayna, Belarusiya və Qafqaz ölkələri üzrə rəhbəri Canetta Onisçuk ilə ACCA sertifikatının maliyyə və mühasibatlıq sektorunda rolu barədə diskusiya aparmışdır. Mirəli Kazımov ACCA sertifikat proqramının son illər ölkəmizdə kadr potensialının gücləndirilməsində böyük önəmə sahib olduğunu qeyd edib. Görüş zamanı əməkdaşlığın gələcək perspektivləri istiqamətində müzakirələr aparılmış, münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır. Forum çərçivəsində Mirəli Kazımovun digər görüşü Türkiyə İstanbul Universitetinin İşlətmə Fakültəsinin dekanı, ACCA-nıın üzvü, prof.dr. Recep Pekdemirlə baş tutub. Mirəli Kazımov görüş zamanı, ölkəmizin təhsil sistemi və innovativ sistemlərin tətbiqi barədə Recep Pekdemiri məlumatlandırıb. Bununla yanaşı, insan kapitalının inkişafı barədə söz açan Mirəli Kazımov, kadr və tədris hazırlığı işlərinin Vergilər Nazirliyinin prioritet istiqamətləri arasında olduğunu qeyd edib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyətindən söz açan Mirəli Kazımov, Tədris Mərkəzinin vergi orqanlarının əməkdaşlarının hazırlığı prosesində böyük öhdəliklər daşıdığını bildirərək, kadr hazırlığının müasir tələblər əsasında aparılması üçün son illər ərzində ölkə daxili və xarici təhsil qurumları ilə əməkdaşlıq işlərinə başlanıldığını bildirib. Türkiyənin ən qabaqcıl və qədim ənənələrə malik təhsil qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Mirəli Kazımov bu əməkdaşlığın hər iki quruma da böyük töfhələr verəcəyindən əmin olduğunu bildirib.