XƏBƏRLƏR

Vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının sertifikatlaşdırılması üçün təlimlər başladı

10 may 2016-cı il tarixdə vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının sertifikasiyası təlimlərinə start verilmişdir. Təlimlər “Vergi qanunvericiliyi” (müvafiq fəaliyyət sahələrinə dair müddəalara üstünlük verilməklə) və “Vergi inzibatçılığı” (müvafiq fəaliyyət sahələri üzrə) təlim bloklarından ibarət olmaqla iki mərhələdə aparılacaq.

“Vergi qanunvericiliyi” təlim bloku üzrə təşkil olunan təlimlər Vergilər Nazirliyinin elektron kitabxanasında mövcud olan “onlayn təlim” sistemi vasitəsilə distant (iş yerindən ayrılmadan), “Vergi inzibatçılığı” təlim bloku üzrə təşkil olunan təlimlər isə əyani formada,  Tədris Mərkəzində keçiriləcəkdir. Təlimlərə vergi ödəyicilərinin qeydiyyatı və uçotu sahəsində çalışan 22 əməkdaş, operativ vergi nəzarəti sahəsində çalışan 40 əməkdaş cəlb olunmuşdur. Onlayn təlim 24 may 2016-cı il tarixədək davam edəcək və 27 may tarixdə birinci təlim bloku üzrə imtahan təşkil ediləcəkdir.

Qeyd edilən təlimlər Azərbaycan Respublikası vergilər nazirinin əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na və “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na uyğun şəkildə keçirilir.