XƏBƏRLƏR

Tədris Mərkəzində “Vergi və sosial sığorta üzrə inzibatçılığın əsasları” mövzusunda praktikum keçirilib

Vergilər nazirinin müvafiq əmrləri ilə 01.04.2019-cu il tarixdən ümumiləşdirilmiş və bəyannamələrin kameral yoxlanılması və iqtisadi təhlil sahəsi üzrə ixtisasartırma kurslarına cəlb edilmiş əməkdaşlar üçün Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında 19.04.2019-cu il tarixdə “Dövlət qeydiyyatı və uçota nəzarət”, “Sosial sığorta ödənişlərinə nəzarət” və “Vergi öhdəliklərinin icrasına nəzarət” sahələri üzrə praktikumlar keçirilib.

Praktikumun keçirilməsində əsas məqsəd vergi orqanlarında yenicə fəaliyyətə başlamış əməkdaşların vergi və sosial sığorta üzrə inzibatçılığın əsaslarının dinləyicilərə çatdırılmasından ibarət olub.

Praktikumu giriş sözü ilə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin direktoru Ələkbər Məmmədov açaraq, dinləyicilərə vergi ödəyicilərinin uçotunun və dövlət qeydiyyatının aparılmasının mühüm əhəmiyyət kəsb etməsi, bu sahədə baş verən yayınmalar və bu sahədə boşluqların aradan qaldırılması barədə geniş məlumat verib. Daha sonra Departamentin Vergi ödəyicilərinin uçotunun təşkili şöbəsinin rəhbəri Almaz Quliyeva “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin, ailə kəndli təsərrüfatları başçılarının uçotu” və “Kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı” prosedurları barədə dinləyicilərə ətraflı məlumat verib.

Daha sonra Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə “Məcburi dövlət sosial sığortası və İşsizlikdən sığorta haqlarının toplanılması və nəzarət” mövzusunda çıxış edərək, “Sosial sığorta haqqında qanunvericilikdə yeniliklər”, “Sosial Sığortanın öhdəlikləri və bu sahədə görülmüş işlər” və “Sosial sığorta ödənişlərinə nəzarət” kimi mövzular barədə dinləyicilərə geniş məlumatlar vermiş, həmçinin bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində öz tövsiyyələrini dinləyicilərin diqqətinə çatdırıb.

Sonda Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin direktoru Zamin Rzayev çıxış edərək dinləyicilərə Departamentin vəzifələri və yerlərdə bu sahəyə aid görülən işlər barədə geniş məlumat verib.

O, çıxışında vergi borclarının və inzibati cərimələrin alınması, vergi orqanları ilə icra qurumları arasında işin təşkili sahəsində yerli vergi orqanlarının görməli işləri, vergi borclarının ödənilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada möhlət verilməsi, vergi borclarının alınması məqsədilə AVİS-də icraat vərəqələrinin açılması, borcun ödənilməsinə dair bildirişlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanması və göndərilməsi, vergi ödəyicisi vergi borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, vergi orqanları tərəfindən vergi ödəyicilərinin əmlaklarının (borc yönəldilə bilinəcək real əmlaklarının) siyahıya alınması və hərrac vasitəsi ilə satılması işinin təşkil edilməsi, bank hesablarına sərəncamların qoyulması və geri çağrılması prosedurları, vergi borclarının məhkəmə qaydasında və (və ya) icra qurumları vasitəsilə alınması prosedurları, borclu fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi prosedurları    və s. barədə dinləyicilərə ətraflı məlumat verib.

Hər bir təlim mövzusu üzrə geniş fikir mübadilələri aparılmış, dinləyiciləri maraqlandıran suallar ətrafında diskussiyalar aparılıb.

Təlimlərdə ümumilikdə 32 nəfər vergi orqanı əməkdaşı dinləyici qismində iştirak edib.