Fevralın 5-də Sumqayıt Dövlət Universitetində (SDU) Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələri ilə keçirilmiş görüşdə bu iki təhsil ocağı arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılmışdır. Universitetin rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, tədris prosesi və əldə olunan nailiyyətlər barədə qonaqlara geniş məlumat vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov səmimi və mehriban münasibətə görə rektor, professor Elxan Hüseynova təşəkkür etdi, təmsil etdiyi qurumda həyata keçirilən yeniliklər barədə danışdı, müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini diqqətə çatdırdı.
Görüşdə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə SDU arasında birgə təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadyönümlü ixtisaslar üzrə təhsil alanların istehsalat və elmi-tədqiqat təcrübələrinin təşkili, vergi qanunvericiliyi və digər vergi məsələləri, informasiya-kommunikasiya texnologiyaları işinin təşkili üzrə ödənişsiz əsasda təlim və kursların keçirilməsi və digər məsələlərdə əməkdaşlıq münasibətləri barədə təkliflər müzakirə olundu.
Görüşdə Mərkəzin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Natiq Talıbov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Loğman Abdullayev Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi apardılar, bu əməkdaşlıq əlaqələrinin səmərəli olacağını qeyd etdilər və hər iki tərəfə uğurlar arzuladılar.