19 oktyabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin inzibati binasında Tədris Mərkəzinin təşkilatçılığı və iştirakı ilə “Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübə” mövzusu üzrə geniş tərkibdə seminar keçirilib. Seminarda Vergilər Nazirliyinin Aparatının, Vergilər Nazirliyi yanında İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin əməkdaşları iştirak edib.
Seminarı giriş sözü ilə Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev açaraq tədbirin aktuallığı barədə iştirakçılara məlumat verib. O, seminarın vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrası ilə əlaqədar təşkil olunduğunu qeyd edib və seminarın əhəmiyyəti barədə məlumat verib.
Daha sonra seminarda Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Tədris Mərkəzi tərəfindən yaradılmış işçi qrupunun rəhbəri, kafedra müdiri İmran Qarayev, qrupun üzvləri Tural Abbasov və Orxan Balayev çıxış edib.
Məruzəçilər öz çıxışlarında idxal-ixrac əməliyyatlarına nəzarətin gücləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmış, dünya iqtisadiyyatının qloballaşması, rəqəmsal iqtisadiyyatın genişlənməsi, idxal və ixrac əməliyyatları üzərində tətbiq edilən nəzarət mexanizminin qarşısında prinsip etibarı ilə yeni, mahiyyət etibarı ilə isə həlli çətin olan problemlərin qoyulduğunu qeyd ediblər.
Aparılan araşdırmalar göstərib ki, istər gömrük, istərsə də vergi orqanlarının fəaliyyəti daha çox ölkə hüdudları daxilində təsir göstərir. Lakin, vergi ödəyiciləri öz biznes fəaliyyətlərini genişləndirmək üçün beynəlxalq iqtisadi əlaqələrə daha çox diqqət yetirirlər. Bu isə Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdəki roluna müsbət təsir göstərir. Digər vacib məsələ, bu sahədə vergitutma baxımından nəzarəti gücləndirmək üçün qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsini tələb edir. İnformasiyanın hansı prinsiplər əsasında bir orqandan digər orqana təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu informasiyalar həmin tövsiyyələrə uyğun olaraq sorğu əsasında, müntəzəm qaydada, sistematik olaraq və s. formada həyata keçirilir. Bu məsələlər Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış müvafiq qaydalarla tənzimlənir.
Məruzəçilər öz çıxışlarında idxal-ixrac əməliyyatlarına nəzarətin birgə nəzarət sahəsində daha çox önəmli təcrübəyə malik olan Serbiya, Rusiya Federasiyası, Finlandiya, ABŞ, Birləşmiş Krallıq, Cənubi Koreya, Avropa İttifaqı və İspaniya dövlətlərinin vergi və gömrük orqanlarının informasiya mübadiləsi sahəsində birgə fəaliyyət təcrübəsini təhlil edərək iştirakçılara təqdim ediblər.
İşçi qrupunun rəhbəri öz çıxışında qeyd edib ki, təqdim olunan informasiya bu istiqamətdə həyata keçiriləcək layihənin başlanğıcıdır.
Seminarın sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və irəli sürülən təkliflər müzakirə olunub.