XƏBƏRLƏR

“Avropa İttifaqının Vergidən Yayınmağa Qarşı Direktivi ilə əlaqədar xəbərdarlıq” mövzusunda vebinar təşkil olunmuşdur.

26 iyul 2018-ci il tarixində Vergilər Nazirliyinin inzibati binasında İBFD tərəfindən təqdim edilən “Avropa İttifaqının Vergidən Yayınmağa Qarşı Direktivi ilə əlaqədar xəbərdarlıq” (EU Anti-Tax Avoidance Directive (ATAD) Alert) mövzusunda vebinarla bağlı tədbir keçirilmişdir

Tədbirdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin, Vergilər Nazirliyinin Aparatının, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət departamentinin, Hüquq departamentinin, Vergi siyasəti departamentinin, İqtisadi təhlil və ekspertiza departamentinin, Vergi auditi departamentinin və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin əməkdaşları iştirak etmişdir.

Tədbirin əvvəlində Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov tərəfindən Avropa İttifaqının Vergidən Yayınmağa Qarşı Direktivi, BEPS (Base Erosion and Profit Shifting - Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi) layihəsi və vebinar barədə iştirakçılara məlumat verilmiş və qeyd olunan mövzulara dair təqdimatla çıxış etmişdir. Malik Əkbərov surətlə qloballaşan dünya iqtisadiyyatının investisiyaların ölkələr arasında rahat hərəkətinə rəvac verməkdə olduğu, bu hərəkətlilik və yerli qanunvericiliklərdəki fərqliliklərin vergidən yayınmaları da qaçılmaz etməsi və bu halların  qarşısının alınması məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Böyük 20-lik (G20) ölkələrinin ortaq bir addım ataraq 2012-ci ildə BEPS Fəaliyyət Proqramını formalaşdırmaları və BEPS lahiyəsinin 15 Fəaliyyət istiqamətini əhatə etməsi barədə ətraflı məlumat vermişdir.

Vebinarda İBFD-dən Tamas Kulcsar və Premkumar Baldevsinq, “Barry Larking Consultancy”-dən Barry Larking çıxış etmişdirlər. Onlar tərəfindən vebinarın gedişində BEPS, “nəzarət edilən” xarici şirkət (controlled foreign company - CFC), çıxış vergisi (exit tax), faiz məhdudlaşdırılması (interest limitation), Hibrid uyğunsuzluqlar (Hybrid mismatches), Ümumi sui-istifadə əleyhinə qayda (General anti-abuse rule - GAAR), Avropa İttifaqı fəaliyyətləri, Fiskal Qrup Dərəcəsi (Group Fixed Ratio), Yeni ABŞ Qaydaları ilə müqayisə (Comparison with New US Rules), Hibrid Transfer (A Hybrid Transfer), Hibrid uyğunsuzluqları üzrə Avropa İttifaqı fəaliyyətləri (EU Actions on Hybrid Mismatches), Aşağı vergi testi (Low Tax Test), İkiqat vergi riskləri (Double Tax Risks), ATAD Tətbiqi - nümunələr (ATAD Implementation–Examples) kimi mövzular və məsələlər üzrə ətraflı biliklər təqdim edilmiş və iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.