Vergilər Nazirliyinin kadr tələbatlarının əvvəlcədən planlaşdırılması məqsədilə təhsil müəssisələrində vergilər və vergitutma, vergi inzibatçılığı, vergi hüququ və vergilərlə bağlı digər fənnlərin tədris olunduğu və həmin təhsil müəssisələri tərəfindən tərtib olunan tədris vəsaitlərinin fərqli olması nəzərə alınaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vergilər Nazirliyinin və respublikanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə 10 noyabr 2017-ci il tarixdə görüş keçirilib.
Görüşün əsas məqsədi respublikanın ali təhsil müəssisələrində tədris olunan vergi fənnləri üzrə vahid tədris proqramın, təlim materiallarının, dərsliklərin, dərs vəsaitlərinin və metodiki tövsiyələrin birgə hazırlanmasından və onların vahid standartlara uyğunlaşdırılmasından ibarət olub.
Görüşdə Vergilər Nazirliyinin İnsan resursları departamentinin və Tədris Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Biznes Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Texniki Universitetin və Azərbaycan Əmək və sosial münasibətlər Akademiyasının dekanları, kafedra müdirləri və aparıcı müəllimləri iştirak edib, bu istiqamətlərdə məsləhətləşmələr aparılıb və müvafiq qərarlar qəbul edilib.